Şəhərdən kəndə qayıdış prosesini başlatmalıyıq… – Deputat

“Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən kənd təsərrüfatı müşavirəsi və qəbul edilən yeni Dövlət Proqramı ölkə iqtisadiyyatının qeyri-neft sektorunun dirçəldilməsi, regional məşğulluq və milli ərzaq təhlükəsizliyi baxımından tarixi bir dönüş nöqtəsidir”.
Bunu dövlət başçısının kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki proqram xarakterli çıxışını və qarşıya qoyulan vəzifələri Sosdem.az-a şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev bildirib.
Millət vəkili qeyd edib ki, 2004-cü ildən start verilən regional inkişaf proqramları sayəsində bölgələrdə infrastrukturun tamamilə yenilənməsi, qazlaşdırmanın 96 faizə çatması və nəhəng su anbarlarının inşası kənd təsərrüfatı üçün həlledici baza rolunu oynayıb. Onun sözlərinə görə, qlobal böhranlar fonunda daxili istehsalın artırılması strateji prioritetdir:
“Dünyada nəqliyyat zəncirlərinin qırıldığı və iqlim dəyişikliyinin fəsadlar törətdiyi bir vaxtda, cənab Prezidentin bəyan etdiyi prinsiplər hər bir yerli və xarici investor üçün ciddi siqnaldır. Biz elə etməliyik ki, genişmiqyaslı urbanizasiyanın qarşısını alaq və şəhərlərdən kəndlərə qayıdış prosesini başladaq. Bunun üçün isə kəndlə şəhər arasındakı infrastruktur və xidmət fərqləri tamamilə aradan qaldırılmalıdır”.

MCP başqanı vurğulayıb ki, yeni qəbul edilən 2026–2030-cu illər üçün Dövlət Proqramının qısamüddətli və hədəfəvuran olması mühüm şərtdir. O, dövlət və özəl sektorun bu sahəyə cəlb edəcəyi milyardlarla manatlıq sərmayənin əhəmiyyətini diqqətə çatdırıb:
“Buğda istehsalında özümüzü təminetmə əmsalının mütləq artırılması, ət, süd və quş əti istehsalının isə 100 faizə çatdırılması qarşıya konkret hədəf olaraq qoyulub. 4 ildən bir az çox vaxt ərzində dövlət xətti ilə 2 milyard manatdan, özəl sektor tərəfindən isə 3 milyard manatdan çox vəsaitin bu sahəyə yatırılması kənd təsərrüfatında inqilabi məhsuldarlıq artımına səbəb olacaq. Fermerlərə verilən subsidiyaların daha çevik mexanizmlə tənzimlənməsi və müasir suvarma sistemlərinin 300 min hektara çatdırılması strategiyası Azərbaycanı regionun ən güclü aqrar mərkəzinə çevirəcək”.