Rusiyanın məğlubiyyətə bərabər qələbəsi – ŞƏRH

Heç şübhəsiz ki, Rusiyanın Ukraynaya təcavüzkar müharibəsinin təhrikçisi ABŞ-dir. Vaşinqtion Rusiyanı bu müharibəyə çəkməklə bir neçə məqsədi hədəfləmişdi: Rusiyanı zəiflətmək, Avropanın Rusiya ilə iqtisadi əlaqələrini qırmaq, enerji asılılığını aradan qaldırmaq, nəhayət Avropanı həm iqtisadi, həm hərbi cəhətdən özündən tam asılı vəziyyətə salmaq. Ağ ev Rusiya-Ukrayna müharibəsi ilə qarşısına qoyduğu bütün məqsədlərinə çatıb. Rusiya-Ukrayna müharibəsinin iqtisadi, hərbi, siyasi cəhətdən birmənalı qalibi və qazanclı tərəfi ancaq ABŞ-dir.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
“Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək cəhdi də əslində ABŞ-nin artıq hədəfinə çatmasıdır. Tramp müharibəni bitirməli, ABŞ-nin qazancını rəsmiləşdirməlidir. Ukraynadakı müharibə ilə bağlı Trampın rəhbərliyi ilə başlanan ABŞ-Rusiya danışıqları da məhz bu nəticələrin qəbulu ilə bağlıdır. Ukraynın taleyini həll edə biləcək Vaşinqqqtin-Moskva danışıqlarında Ukraynanın iştirakının hər iki tərəfdən rədd edilməsi, mmüharibədə əsl tərəflərin kim olduğunu bütün çılpaqlığı ilə göstərir. Artıq, Avropa İttifaqı və Ukrayna ABŞ tərəfindən aldandığının, istismar olunduğunun fərqindədir.
Məhz bu səbəbdən də Avropa ABŞ-dən tam fərqli olaraq Ukraynaya hərbi, iqtisadi və maliyyə yardımını davam etdirmək niyyətində olduğunu bildirir”, – ekspert əlavə edib.

Politoloqun sözlərinə görə, Tramp ABŞ-nin siyasi xəttindən kənara çıxa bilməz:
“Ancaq Tramp qeyri-adekvat siyasi gedişləri ilə ABŞ-ın əsl üzünü göstərdi, ona olan digər dövlətlərin etimadını, etibarını məhv etdi, riyakarlığını üzə çıxardı. Siyasi, ideoloji, imic baxımdan Tramp ABŞ-a, onun müttəfiqlərinə böyük zərbə vurdu.
Donald Trampın 80-ci illərdə Rusiyanın DTK (KQB) tərəfindən əməkdaşlığa cəlb edilməsi barədə məlumatların ortaya çıxarılması da ciddi əsaslara söykənir. Rusiyaya maraqlarını təmin edilməsi üçün şəraitin yaradılmasına görə Trampın səyləri göz qabağındadır. Əlbəttə ki, Tramp bunlara görə əldən çıxa bilməyəcək.
ABŞ-nin başlatdığı Rusiyanın Ukraynaya təcavüzünə görə, kollektiv Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiya, siyasi məhdudlaşdırma kampaniyasına qoşulmayan bəzi ölkələr bu vəziyyətdən uduşlu çıxır”.
“Türkiyənin qlobal dünya bölgüsündə söz və hökm sahiblərindən biri olduğu açıq görünür”, deyən şərhçi, “Mürəkkəb beynəlxalq siyasi prosesdə ABŞ, Britaniya, Fransa, Rusiya, Ukrayna, İran rəsmilərinin ardıcıl şəkildə Türkiyə prezidenti cənab Ərdoğanla məsləhətləşmələr, danışıqlar aparması heç də adi dövlətlər arası münasibətlərin müzakirəsi deyil, qlobal dünya nizamının konfiqurasiyasının dəqiqləşdirilməsidir”, – əlavə edib.
Ekspert qeyd edib ki, Rusiya hərbi qələbəsini qazansa da, Ukrayna xalqı məğlubiyyəti qəbul etməyəcək və münaqişə zaman-zaman müxtəlif dövrlərdə canlanacaq:
“Tramp və Putinun tələbləri ilə Ukrayna prezidenti Zelenski hakimiyyətdən getsə və hətta Rusiyaya, ABŞ-yə uyğun birisi Kiyevdə hakimiyyətə gətirilsə də, Rusiyanın Ukraynadan əldə etdiyi torpaqları rahatlıqla həzm etməsinə imkan verilməyəcək. ABŞ Rusiya üçün daimi münaqişə və düşmən yaratmağa nail oldu. Bu həm də ABŞ-nin Avropa və Rusiya üzərində strateji qələbəsidir. Hərçənd ki, Zelenskinin hakimiyətdən getməsi o qədər də inandırıcı deyil. Əksinə, Ukraynasız ABŞ-Rusiya danışıqları, Trampın davranışları Zelenskinin ölkə daxilində reytinqini qaldırıb”.
Şərhçinin sözlərinə görə Rusiyanın Ukrayna üzərində hərbi qələbəsi əslində Rusiya dövlətçiliyi, Putin hakimiyyəti üçün çox böyük və ciddi çətinliklər gətirəcək.
“Birinci Dünya Müharibəsində olduğu kimi, Rusiya bu müharibədə qalib olsa da, siyasi, iqtisadi nəticələri onu uduzduracaq. Rusiyanın indiki sərhədləri daxilində mövcudluğu çox çəkə bilməz.
Ümumən isə, Beynəlxalq çəkişmələr, konfliktlər Çinin iqtisadi və hərbi cəhətdən daha da güclənməsi üçün münbit şərait yaradır. Son günlər Çinin son nəsil texnoloji sılahların istehsalı, sınaqları Çinin qlobal planlarının anonsudur. Əslində də ABŞ üçün Çin elə ən əsas hədəfdir”, – V.Dadaşov fikrini tamamlayıb.