Xəbərlər

Rusiyanın Azərbaycana təsir imkanları qalmayıb – ŞƏRH

Heç şübhə yoxdur ki, Vladimir Putinin Alyaskada Donald Trumpla görüşü nə Ukraynada müharibəni dayandırmaq, nə də dediyi kimi, sülh yaratmaq məqsədi daşıyırdı. Putin Alyaska görüşünü Trampı yumşaltmaq və ABŞ-Rusiya münasibətlərində müəyyən qədər güzəştlərə nail olmaq üçün fürsət bilirdi. Görüş və danışıqlar formal xarakterli idi.

Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Şərhçi qeyd edib ki, əgər rəsmi Kreml Ukraynada başladığı müharibəni bitirmək istəsəydi, həm döyüş aktivliyini azaldar, həm də də diplomatik kanallarla hərəkətə keçərdi.

“Putin Ukraynada işğalını daha da genişləndirə bilsə də, əhəmiyyətli hərbi uğurlar qazansa da, yenə də müharibəni dayandırmayacaq. Putin timsalında Rusiya Ukrayna müharibəsini bütünlüklə SSR-nin və imperiya nüfuzunun bərpası üçün həlledici mərhələ və proses hesab edir. Putin nəinki Alyaska görüşündə, digər platformalarda belə, üçtərəfli formatda Ukrayna prezidenti Zelenskinun iştirakına imkan vermir, onun legitimliyini qəbul etmir. Təbii ki, Putin formal və nəticəsiz danışıqlara getməklə, özünü danışıqları aparan tərəf kimi təqdim etmək istəyir.

Qaldı ki, Donald Trampın Ukraynaya, Zelenskiyə təsir imkanlarına, sözsüz ki, ABŞ liderinin artlq imkanları məhduddur. Birincisi, Trump Ukraynadan təbii ehtiyatlarla bağlı müqaviləni artıq əldə edib. İkincisi, Ukraynaya verilən silahların ödənişini isə Avropa İttifaqının üzərinə yükləyib. Üçüncüsü, Alyaskada görüş ərəfəsində Avropa İttifaqının bütövlükdə Ukraynaya dəstək nümayiş etdirməsi və müttəfiqlərin açıq mövqe ortaya qoyması Trumpın təkbaşına Rusiya ilə hər hansı bir sövdələşməsinə imkanı məhdudlaşdlrmışdı”, – ekspert bildirib.

Politoloq əlavə edib ki, avqustun 18-də Vaşinqtonda planlaşdırılan təkbə-tək Zelenski-Tramp, ardınca Avropa liderlərinin iştirakı ilə davam edəcək görüşün Donaldın planlarına uyğun yekunlaşması inandırıcı deyil.

“Bir müddət sonra ehtimal edilən Tramp-Putin-Zelenski görüşündən müəyyən nəticələrə az da olsa ümid var. Ancaq, Putinin atəşkəs deyil, ancaq şərtləri daxilində sülh razılaşması, Ukrayna atəşkəs və sonra danışıqlar tələbi yekun razılaşmanı mümkünsüz edir. Əslində isə, Putinin Zelenski ilə danışıqlar masına oturacağı da inandırıcı deyil. Oturacağı təqdirdə belə, Putinin Zelenskiyə şəxsi nifrət və kini danışıqlarda Vladimirin heç bir tələbindən geri çəkilməcəyinə əminlik yaradır.

Alyaska görüşü, Rusiya-Ukrayna müharibəsi üzərində qurulsa da, Putin onu formatdan çıxararaq Rusiya-ABŞ münasibətlərinin tənzimlənməsi üçün meydana çevirdi. Şübhə etmirəm ki, görüşdə əsas müzakirə mövzularından biri, bir müddət əvvəl, ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda Ermənistan və Azərbaycan liderləri arasında əldə olunmuş Zəngəzur dəhlizi (Trump yolu) ilə bağlı razılaşma və eyni zamanda sülh müqaviləsinin paraflanması idi.

ABŞ rəsmi İrəvanın razılığı ilə Ermənistana, Cənubi Qafqaza daxil olur. istisna deyil ki, Putin Donald Trumpa Zəngəzur dəhlizi müqabilində Ukraynaya müdaxilədən çəkinməyi təklif etmiş olsun. Bu mənada, Zəngəzur dəhlizi ilə bağlı Vaşinqton razılaşmasına Rusiyanın ehtiyatlı və neytral mövqedən çıxış etməsi də buna işarədir”, – analitik deyib.

Başqan müavini vurğulayıb ki, Rusiya-Ermənistan münasibətləri göründüyündən də gərgindir.

“Zəngəzur dəhlizi ilə bağlı Putin-Tramp arasında Alyaskada müəyyən razılaşma əldə olunsa belə, Moskvva Paşinyanı devirmək planından geri çəkilməyəcək. Məsələ burasındadır ki, Kremlin Ermənistanda hakimiyətə gətirə biləcəyi real fiquru da yoxdur. Həm də İrəvanda Paşinyan hakimiyyətinə sadiq güc strukturları və ABŞ hərbiçiləri var. Silahlı çevriliş variant isə, Rusiyanın Ermənistandan tamamilə çıxması riskini artırır.

Azərbaycan-Rusiya münasibətlərinə gəldikdə isə Rusiyanın Azərbaycana əhəmiyyətli təsir imkanları qalmayıb. Azərbaycanda Rusiya yönümlü qüvvələr – “beşinci kolon” tamamilə neytrallaşdırılıb, xüsusi xidmət orqanlarının fəaliyyəti nəzarətə götürülüb. Azərbaycanın Türkiyə vasitəsilə Qərbə inteqrasiyası daha da güclənib. Azərbaycan milli və strateji maraqlarının təmininə əlavə güclü oyunçuları də cəlb edə bilib.

Artıq, Azərbaycan-Rusiya münasibətləri dostluq kontekstindən çıxaraq praktik əməkdaşlıq formatına keçir. Bu halda da Rusiya Qafqazın söz sahibi kimi qəbul edilmiş Azərbaycanı sonadək itirmək niyyətində deyil. Bu həm də Türkiyəni itirmək deməkdir. Azərbaycan Rusiyanın mane ola biləcəyi məsələlərin həllinə nail olub və artıq Rusiya ilə münasibətlərin normallaşması nəzərdən keçirilə bilər. Yaxın zamanlarda Rusiya-Azərbaycan münasibətlərində müəyyən istiləşmə mümkündür, ancaq praktik əməkdaşlıq formatında”, – şərhçi bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu