Rusiyanın Azərbaycana sığınması regional siyasi zərurətdir… – Ekspert

“Ermənistanda keçirilən parlament seçkilərində Nikol Paşinyanın təkbaşına hökumət formalaşdırmaq şansı olduqca yüksəkdir; İrəvanın Moskvadan tam müstəqillik qazanması yalnız Azərbaycan və Türkiyə xəttindən asılı olduğu üçün Rusiya hazırda Bakının regional gücünə ‘sığınmaq’ məcburiyyətində qalıb”.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Vüqar Dadaşov deyib.
Siyasi şərhçi qeyd edib ki, Robert Koçaryan, Samvel Karapetyan və Qaqik Sarukyan kimi Rusiya meyilli qüvvələrin seçki kampaniyasını yalnız Qarabağ və Azərbaycan mövzusu üzərində qurması, həmçinin vahid lider ətrafında birləşə bilməməsi Paşinyanın mövqelərini daha da gücləndirib. Onun sözlərinə görə, müxalifətin hətta minimum keçid baryerini aşması belə sual altındadır:
“Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi ölkənin real müstəqilliyə nail olmasını və xüsusən də ‘Rusiyanın quberniyası’ reallığını dağıtmaq istəyindədir. Paşinyanın irəli sürdüyü ‘Real Ermənistan’ layihəsi seçicilər tərəfindən ciddi şans kimi qiymətləndirilir. Lakin Moskva Paşinyanın qələbəsini qəbul etmiş kimi görünsə də, seçkidən sonrakı dövr üçün Ermənistanı siyasi-iqtisadi regional bloklaşma vasitəsilə təsir dairəsində saxlamağı planlayır. Hətta Kremlin hərbi müdaxilə variantını tamamilə arxivləşdirmədiyini də demək olar”.
Analitik 28 May tarixində Astanada keçirilən Avrasiya İqtisadi İttifaqının iclasında Paşinyanın qarşısına qoyulan referendum tələbinə və İrəvanın verdiyi reaksiyaya diqqət çəkib:
“Astanada faktiki olaraq Aİ və ya Aİİ seçimi qarşısında qoyulan Paşinyan iqtidarı formal geri addım ataraq seçim tələbini masadan götürmüş oldu. Əslində isə Paşinyan bir addım geri atmaqla iki addım irəlilədi. Artıq Paşinyan hakimiyyəti nəinki iki seçim, daha çoxvektorlu siyasi kursun əlamətlərini nümayiş etdirir. Lakin Ermənistanın iqtisadi və enerji asılılığı səbəbindən bu inteqrasiya hələ də mürəkkəb olaraq qalır”.

MCP rəsmisi vurğulayıb ki, Rusiya Ermənistanı Gürcüstan və İran vasitəsilə blokadada saxlaya bilsə də, Azərbaycan və Türkiyə xətti açılarsa, İrəvanın Kremlin nəzarətindən tamamilə çıxacağını yaxşı anlayır. Məhz bu səbəbdən Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında gözlənilən görüş birbaşa Ermənistanla bağlı proseslərin tərkib hissəsidir:
“Ermənistanın Rusiyadan siyasi, iqtisadi və enerji asılılığı məhz Azərbaycan vasitəsilə əvəzlənə bilər. Rusiyanın son günlər Azərbaycanla münasibətləri normallaşdırmağa və korrektələr etməyə çalışması məhz bu zərurətdən irəli gəlir və seçkidən sonrakı proseslərə hazırlıq xarakteri daşıyır. Mövcud şəraitdə Rusiyanın Azərbaycandan müəyyən mənada dəstəyə ‘sığınması’ siyasi zərurətdir. Azərbaycan və Türkiyənin bu prosesə münasibəti isə digər şərtlərlə yanaşı, ən azı Zəngəzura hüququn bərpası ilə ölçülə bilər”.