Rusiya və Ukrayna müharibəsində yeni mərhələ – ŞƏRH

Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi məsələsi beynəlxalq müstəvidə geniş müzakirə olunur. Bu təşəbbüsün müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndiyi, lakin eyni zamanda ciddi siyasi və hərbi mülahizələrə səbəb olduğu görünür.
Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə mövzu ilə bağlı Musavat.com-a bildirib ki, hazırda Rusiya və Ukrayna müharibəsində yeni mərhələ başlayır:
“Xüsusilə ABŞ Prezidenti Donald Tramp Avropa maliyyə dəstəyi ilə Ukraynaya silah yardımı paketini təsdiqlədi. Təxminən 1 milyard dollara yaxın silah var. Yəni müharibənin artıq sülhməramlıların müstəvisində deyil, daha dağıdıcı mərhələyə keçdiyini görürük. Çünki sülhməramlılar onda ola bilərdi ki, konkret olaraq müəyyən atəşkəs əldə olunsun və əgər danışıqlar baş tutardısa. Amma artıq ABŞ-la Rusiya arasında bütün danışıqlar Ukrayna mövzusunda dayanıb. Tramp Putini təcavüzkar adlandırdı. Təbii ki, sülhməramlıların göndərilməsi Böyük Britaniya, Almaniya və Fransanın gündəmindədir, amma bu, atəşkəs və sülh müqaviləsindən sonra mümkündür. İndiki mərhələdə sülhməramlı gələrsə, onlar bir yerdə yerləşəcəklər və əgər Rusiya hücum edərsə, təbii ki, bunlar onun qarşısını ala bilər. Əlbəttə, hazırda da yerləşdirilə bilərlər. Onlar daha çox Xersonun işğal olunmamış ərazilərində və Ukraynanın şərq hissəsində yerləşdirilə bilərlər və Rusiyanın genişmiqyaslı hücumuna qarşı dayanmağa yönəlmiş olarlar”.

Ekspertin fikrincə, əgər belə yerləşdirilmə baş versə, Rusiya buna qarşı çıxacaq, onları sülhməramlı kimi yox, NATO qüvvələri kimi qəbul edəcək və onlara silah tətbiq edə bilər:
“Bu isə yeni bir müharibənin başlaması demək olar. Artıq burada Qərb ilə Rusiya üz-üzə qalacaq; yəni proses bundan ibarətdir.
Düşünürəm ki, Qərb ölkələri hələ buna getməyəcək. Hazırda yalnız silah partiyaları göndərilir və Ukraynanın qüvvələrinin öldürücü silahlarla gücləndirilməsi istiqamətində addımlar artırılır. Təbii ki, sülhməramlı məsələsində müəyyən ssenarilər hazırlanır, amma indiki mərhələdə bu mümkün görünmür. Əgər sülhməramlılar göndərilsə, dediyimiz kimi, bu, Rusiya ilə Qərb arasında yeni siyasi və hərbi böhrana gətirib çıxara bilər”.