Rusiya və İran Zəngəzur dəhlizinə qarşı – ŞƏRH

Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları və Zəngəzur dəhlizi ilə bağlı proseslər Cənubi Qafqazın gələcək geosiyasi arxitekturasını müəyyən edən əsas xətti formalaşdırır. 2020-ci ildən sonra yaranmış yeni reallıqlar bölgədə əvvəlki status-kvonun tam şəkildə dağıldığını, regionun təhlükəsizlik, kommunikasiya və nəqliyyat balansının dəyişdiyini göstərir.
Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
MCP rəsmisinin sözlərinə görə, Zəngəzur dəhlizinin açılması artıq təkcə regional dövlətlərin deyil, həm də qlobal güclərin maraq dairəsindədir:
“İndiki mərhələdə Zəngəzur dəhlizinin açılması obyektiv olaraq qaçılmaz prosesə çevrilib və bu, təkcə region ölkələrini deyil, qlobal aktorları da masaya gətirib.”
Ekspert bildirib ki, Zəngəzur dəhlizi artıq sadəcə logistika xətti deyil və hər bir tərəf üçün strateji məna daşıyır:
“Azərbaycan üçün bu, Naxçıvanla birbaşa quru əlaqəsi və mühüm strateji keçiddir. Türkiyə üçün Türk dünyasının geosiyasi arteriyası hesab olunur. Ermənistan isə faktiki seçim qarşısındadır: dəhliz açılmasa, regional layihələrdən tam kənarda qalır və blokada davam edir; açılsa, iqtisadi təcriddən çıxmaqla yanaşı, Rusiyadan real suverenlik qazanmaq imkanı əldə edir.”
Politoloq qeyd edib ki, Moskva dəhlizin açılmasını yalnız bir şərtlə istəyir – prosesə və təhlükəsizliyə özünün nəzarət etməsi:
“Rusiya üçün Zəngəzur dəhlizi artıq Ermənistana və ümumilikdə regiona təsir mexanizmlərindən sonuncusudur. Ona görə Moskva dəhlizə nəzarəti öz əlində saxlamaq istəyir.”

Analitikin sözlərinə görə, Qərb – xüsusilə ABŞ Ermənistanı Rusiyanın təsir dairəsindən uzaqlaşdırmağa çalışır. İran isə prosesə tamamilə fərqli yanaşır:
“İran Zəngəzur dəhlizini milli və iqtisadi maraqlarına ciddi təhdid kimi görür. Azərbaycan–Türkiyə quru bağlantısının möhkəmlənməsi Tehranın həm tranzit rolunu zəiflədir, həm də Cənubi Azərbaycanda milli oyanışın güclənməsi İran üçün strateji risk yaradır. Buna görə Tehran dəhlizin nəinki eksteryal statusuna, ümumilikdə açılmasına qəti şəkildə qarşıdır.”
Ekspert əlavə edib ki, Azərbaycan üçün əsas məsələ Naxçıvana maneəsiz keçidin təmin olunmasıdır, Ermənistan isə “dəhliz” anlayışına prinsipial etiraz edir.
Dadaşovun sözlərinə görə, mövcud regional reallıqlar və beynəlxalq iqtisadi məntiq prosesə başqa istiqamət qoyur:
“Qərb, Türkiyə və regionun yeni siyasi balansı Zəngəzur dəhlizinin açılmasını qaçılmaz edir. Dəhlizdən xüsusi qaydalarla istifadə Azərbaycan–Türkiyə tandeminin geosiyasi və strateji gücünü artıracaq. Bu prosesdə uduzan tərəf isə şübhəsiz ki, Rusiya–İran blokudur.”
Siyasi şərhçi yekunda vurğulayıb ki, Ermənistan-Azərbaycan danışıqları artıq sırf regional məsələ olmaqdan çıxıb:
“Bu gün Zəngəzur dəhlizi qlobal güclərin mübarizə meydanına çevrilib və həmin mübarizənin əsas strateji hədəfidir.”