Xəbərlər

Rusiya-Ukrayna savaşı ABŞ-Çin müharibəsinə çevrilir – ŞƏRH

Rusiya dövlət olaraq, inkişaf prosesində ancaq işğalçılıq prinsipinə əsaslanan siyasət yürüdüb. İşğalçılıq, imperializm rus dövlətinin mövcudluq formasıdır. Yəni, Rusiya, işğalçılıqla mövcudluğunu təmin edir. Rusiya bu gün də siyasətini davam etdirir. Ancaq, Rusiya-Ukrayna müharibəsi əslində Rusiyanın məcburi cəlb edildiyi savaşdır. İnkar etmək olmaz ki, Rusiyanın Ukraynaya hücumunun əsas səbəbi məhz Qərbin, ABŞ-nin Kremli bu müharibəyə məqsədli təhrik etməsidir. Plan ondan ibarət idi ki, Moskva Ukrayna cəbhəsində uzunmüddətli müharibəyə cəlb olunsun və Rusiya Əfqanıstanda olduğu kimi hərbi bataqlığa düşsün və ABŞ-nin strateji planlarının icrası mümkün olsun.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müaini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Ekspertin sözlərinə görə 1990-ci il SSRİ və ABŞ arasında razılaşmaya əsasən, NATO-nun Şərqə doğru genişlənməməsi öhdəliyinə zidd olaraq, ABŞ hətta Ukrayna vasitəsi ilə Rusiya sərhədlərinə tərəf genişlənməyə başladı:

“Rusiyanı öz mahiyyətindən istifadə etməklə istəmədiyi bir müharibəyə cəlb etmək o qədər də çətin olmadı. ABŞ-nin də strateji planı ondan ibarət idi: Rusiya bu müharibəyə cəlb olunsun və ilkin mərhələdə plan baş tutdu. Ancaq, prosesdə müharibə ABŞ üçün gözlənilməz nəticələr verdi. Rusiya Ukraynanın daxilinə doğru irəliləmək əvəzinə, hədəfi dəyişərək, sərhədləri boyu müəyyən əraziləri tutmaqla orada möhkəmlənməyə başladı. Beləliklə, ABŞ-nin Rusiya üçün hesabladığı bataqlıq müharibəsi bir növ müdafiə xarakteri aldı. ABŞ Rusiyanı zəiflətmək əvəzinə demək olar ki, yeni güc mərkəzinin yaranmasına təkan vermiş oldu. Birqütblü dünyanın formalaşmasına çalışan ABŞ əksinə, Çin-Rusiya yaxınlaşmasına səbəb olaraq, real güc mərkəzini önə çıxardı.

Məsələ budur ki, Rusiya minlərlə iqtisadi sanksiyalar səbəbindən Çinlə iqtisadi və hərbi yaxınlaşmanı gücləndirməyə məcbur oldu və bu ittifaq daha da genişləndi. Şimali Koreya və digər ölkələr də bu birlikdə, reallıqda Çin ətrafında birləşməyə başladı. Proses Amerikanın istəmədiyi bir istiqamətdə inkişaf etdi.

Rusiya-Ukrayna müharibəsindən ən çox iqtisadi xeyir görən tərəf ABŞ olsa da, əslində strateji baxımdan əsl udan tərəf Çin oldu. Çin bu müharibə səbəbindən Rusiyanı öz təsir dairəsinə çəkdi, iqtisadiyyatını özünə bağladı və özündən asılı vəziyyətə saldı. Plan Çinin uzunmüddətli böyük strateji hədəflərinə hesablanıb”.

MCP rəsmisi bildirib ki, Rusiya-Çin münasibəti hərbi müttəfiqlik kimi təqdim edilsə də, əslində isə tamamilə Çinin strateji maraqlarına xidmət edir:

“Belə ki, dünyanın ən çox əhalisindən olan Çinin dünyanın ən böyük ərazisi və qonşusu olan Rusiyada maraqları təmin olunmağa yaxınlaşır. Əhali artımı fonunda Rusiyanın ərazilərinin əhəmiyyətli hissəsinin müxtəlif formalarda Çinin nəzarətinə keçməsi ehtimalı yüksəlir. Bu isə ABŞ-nin qəti istəmədiyi bir ssenaridir. Ukrayna-Rusiya müharibəsində Kremlin tamamilə məğlubiyyətinin bu qədər uzanmasının səbəbi də məhz Çin faktorudur.

Rusiya məğlub edilsə Çinin Rusiya əraziləri ilə bağlı strateji hədəfləri reallaşa bilər. ABŞ isə buna yol vermək niyyətində deyil. Bu səbəbdən də atəşkəsin əldə edilməsi, həmçinin Kremldə hakimiyyət dəyişikliyi Rusiyanı Çindən qoparmaq üçün düşünülür. Trampın müharibəni dayandırmaq canfəşanlığının əsl səbəbi budur. Çin isə əksinə Rusiya-Ukrayna müharibəsinin davamında maraqlıdır və Moskvaya təsir edir.

Düzdür, Rusiya-Ukrayna müharibəsinə Trumpın Putinlə Alyaskadakı görüşündən sonra münasibətinin dəyişməsi, bu görüş Kiyevin Moskvaya qarşı əhəmiyyətli hücumlarına, genişlənməsinə bir təkan olsa da, bu, bütövlükdə ABŞ-nin məsələyə yanaşma tərzinin dəyişməsi demək deyil. Üç ildən çox davam edən Rusiya-Ukrayna müharibəsi Kiyevi sovet dövründə malik olduğu hərbi, elmi-texniki və hətta nüvə potensialını bərpa etməyə, təkmilləşdirməyə məcbur edib. Tramp və Zelenski arasında qeyri normal münasibət məhz müharibəyə baxış bucağından qaynaqlanır. Ancaq, ABŞ gedən qlobal prosesdə Çini əngəlləmək üçün Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün cəhdlərini davam etdirəcək”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu