Xəbərlər

Rusiya sülhdə maraqlı deyil, manipulyasiyalar edir – Ekspert

Kreml Azərbaycan və Ermənistan liderlərinin sülh müqaviləsinin məhz Moskvada imzalanması uğrunda mübarizəyə başlayıb. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “RİA Novosti”yə deyib ki, “Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün məkan təklifi qüvvədə qalır”.

Sosdem.az xəbər verir ki, Müsavat.com-a danışan Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiya 8 avqustda Vaşinqtonda əldə olunmuş birgə üçtərəfli bəyannamə və sülh mətninin paraflanmasına özünün regionda geosiyasi təsirinin azalması kimi baxır:

“İndi Moskva Qaluzini önə verərək prosesi pozmağa çalışır. Artıq Azərbaycanla Ermənistan arasında problemlərin çoxu həll olunub. Yekun sülh müqaviləsinin Moskvada bağlanmasına Nikol Paşinyan razı olmayacaq. Çünki onun siyasəti tam Moskvadan siyasi cəhətdən qopmaqdır. Həm də Azərbaycan buna getməyəcək. Çünki prosesdə ABŞ var”.

Ekspert qeyd edib ki, Rusiya hələ də 2020 və 2022-ci ildə əldə olunmuş razılaşmalara diqqət çəkir:

“Amma həmin razılaşmalar qüvvədən düşüb. Rusiyanın Cənubi Qafqazda imkanı var idi ki, prosesləri idarə etsin, regionda qalsın. Məhz üçtərəfli razılaşmalar buna imkan verirdi. Amma Rusiya sülhdə maraqlı deyil, manipulyasiyalar edir. Kreml sülhün əldə edilməsi üçün çalışmadı”. Siyasi şərhçi bildirdi ki, Azərbaycana sülh lazımdır və Cənubi Qafqazda proseslər sürətlə inkişaf edir: “Rusiya isə prosesi tormozlayırdı. Ona görə də geridə qaldı. ABŞ administrasiyası praqmatik yanaşaraq hər iki ölkə ilə normal münasibətlər sisteminə üstünlük verdi. Ona görə də Azərbaycan və Ermənistan ABŞ platformasına üstünlük verdi. Rusiya üçün qatar gedib və bundan sonra Rusiya platforması bitib. Rusiya rəsmiləri bu məsələni gündəmə gətirəndə gülünc doğurur. Ermənistan xarici işlər naziri Mirzoyanın bəyanatına deyil, Paşinyana diqqət etmək lazımdır. Rusiya üçün Cənubi Qafqaz bitib”.

Bir cavab yazın

Back to top button