Xəbərlər

Rusiya izi itirməyə çalışdı. Lakin… – Vüqar Dadaşov

Faktlar, Azərbaycana məxsus Bakı-Qroznı reysi üzrə uçan sərnişin təyyarəsinin Rusiyanın hərbi hava qüvvələri tərəfindən vurulduğunu göstərir. Həmin gün dekabrın 25-də Çeçenistan Təhlükəsizlik Şurasının sədri Hamzat Kadırovun açıqlanmasına görə, Qroznıya Ukrayna tərəfindən dron və PUA hücumları olub və həmin obyektlər zərərsizləşdirilib. Ortada təkzibedilməz sübutların, eləcə də salamat qalan 29 nəfər sərnişinlərin ifadələrinə baxmayaraq, hələ də Rusiya həmin sərnişin təyyarəsini vurduğunu etiraf etməyib.

Hadisədən dərhal sonra Rusiya prezidenti Vladimir Putinin çıxışı müəyyən mənada Rusiyanın qəzada iştirakına işarə edirdi. Həm də, Rusiya təcili hadisə yerinə öz xilasetmə qrupunu yollayaraq, salamat qalanları təxliyə etməsi və ünsiyyətə icazə verməməsi hadisə səbəbi barədə informasiyanın sızmasının qarşısını almaq kimi dəyərləndirilə bilər.

Bu sözləri Milli Cəbhə Partiyasının başqan müavini, hüquqşünas Vüqar Dadaşov deyib.

O bildirib ki, Rusiyanın Azərbaycana məxsus mülki təyyarəni məqsədyönlü vurduğunu birmənalı demək olmasa da, təyyarənin radar sisteminin dayandırılması səbəbi cavabsızdır:

“Ancaq hadisədən sonra Rusiyanın izi itirmək cəhdi ortadadır. Belə ki, təcili enişə ehtiyacı olan zədəli sərnişin təyyarəsinin Rusiya ərazisindəki çox yaxın aerodrom, aeroportlara enməsinə icazənin verilməməsi səbəbsiz deyil. Rusiyanın vurduğu zədəli sərnişin təyyarəsinin öz ərazisində enişə icazə verməməsi və onun Xəzər dənizi üzərindən qonşu ölkəyə, Qazaxıstanın Aktau hava limanına yönləndirilməsi səbəbi əlbəttə ki, təyyarənin Xəzər dənizinə düşmə ehtimalı ilə vurulma faktını gizlətmək niyyəti də ola bilər.

Ancaq, Azərbaycan pilotlarının soyuqqanlı davranışı, yüksək peşəkarlıq və qəhrəmanlığı Rusiyanı əməlini gizlətməyə imkan verməyib. Heç şübhəsiz ki, fakt beynəlxalq humanitar hüquq normalarının, Çikaqo Konvensiyanın tələblərinin kobud pozuntusu kimi, araşdırma və istintaq predmetidir”.

Hüquqşünas hadisənin Ukraynanı günahlandırmaq üçün qəsdən törədilmə ehtimalının da olduğunu deyib:

“Rusiya ərazisinə Ukraynanın dron və PUA hücumları fonunda Azərbaycana məxsus sərnişin təyyarəsini məqsədli şəkildə vurur ki, bunda Ukraynanı günahlandırmaqla, Ukraynanın Rusiya ərazisinə hücumları dayandıra bilsin və ona edilən hərbi, maliyyə, humanitar yardımlarına təsir etsin və ən nəhayət ki, Azərbaycanın Ukraynaya münasibəti dəyişsin. Əlbəttəki bu ehtimalı da istisna etmək olmaz.

Təyyarənin vurulmasını çəkərək ictimailəşdirən qazaxıstanlı bloqer Azamat Sarsenbayevin həbs edilməsi də, əsl həqiqətin gizli saxlanılmasında maraqlı tərəfin olduğunu göstərir.

Qərb informasiya mənbələri də Azərbaycana məxsus mülki təyyarənin Rusiya tərəfindən “Pantsır” sistemi ilə vurulduğunu açıq yazır. Hətta Rusiya mediası da, sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulmasını istisna etmir.

Azərbaycanın sərnişin təyyarəsinin qəza xəbərinə qədər, Rusiyanın hökümətyönümlü informasiya mənbələri Qroznıya hücum edən dron və PUA-ların vurulmasında “Pantslr” raketlərindən istifadə edildiyini və raket qalıqlarının Vladiqafqaz istiqamətində və Qroznının Şali rayonunda düşdüyünü yayımlamışdı. Ancaq təyyarənin qəza xəbərindən sonra həmin məlumatlar, görüntülər silinib”.

V.Dadaşov bildirib ki, bu qədər sübutlar qarşısında Rusiya böyük təlafata səbəb olan hadisəni etiraf etmək məcburiyyətindədir:

“Əlbəttə ki, Rusiya Azərbaycanla çəkişməyə getməyəcək və bu hadisənin Azərbaycanla münasibətin korlanması səbəb olmasına imkan verməyəcək. Rusiya rəsmi dövlət səviyyəsində üzrxahlıq edib kompensasiya ödəyəcək, nəticə etibarı hadisə də indiki Rusiya Azərbaycan münasibətlərinə təsir göstərməyəcək. Eyni zamanda da, Rusiya bu hadisədən Ukraynaya qarşı informasiya müharibəsində istifadə edəcək, Rusiya qəzanın Azərbaycan-Ukrayna münasibətlərinə də mənfi təsirinə çalışacaq.

Qaldı ki, aşkar olunan “qara qutu”ların təhlilinə, ümumiyyətlə əldə olunan məlumatlar həqiqəti ortaya çıxarsa da, informasının yayılmasında siyasi məqamlar nəzərə alınır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu