Rusiya güclü ölkələri işğalçılığa həvəsləndirdi – ŞƏRH

Rusiyanın Ukraynanı işğal cəhdi II dünya müharibəsindən sonra formalaşan düzəni, beynəlxalq hüququn əsas prinsiplərini (dövlətlərin suverenlik və ərazi bütövlüyü, güc tətbiqi) köklü şəkildə dəyişdi. Artıq güc faktoru beynəlxaq hüququ əhəmiyyətsiz hala gətirib. Rusiyanın Ukraynaya və bundan əvvəl Gürcüstana hücum və işğalçılıq faktı bir sıra ölkələr tərəfindən susqunluq və neytrallıq yanaşması ilə diğər güclü ölkələri də işğalçılığa, gücün tətbiqinə yönəltdi, həvəsləndirdi. Heç şübhəsiz ki, Rusiya Ukrayna əməliyatını uğurlu bitirsə, onun müəyyən etdiyi yeni hədəfləri var təbii ki, ilk növbədə hədəfdə keçmiş sovet respublikalarıdır.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
Ekspert bildirib ki, ABŞ prezidenti Donald Trampın Rusiyanın Ukraynada işğalçı müharibəsinə müəyyən mənada haqq qazandırması Ağ evin həm də özünün işğalçı istəyindən qaynaqlanır.
“Bu da faktdır ki, ABŞ Rusiya-Ukrayna müharibəsində, Ukrayna ilə təbii ehtiyatlarla bağlı istədiyi müqaviləni imzalamağa nail olmaqla faktiki qələbə qazanan hələ yeganə tərəfdir. Dünən isə, Donald Tramp “ABŞ Qrenlandiya üzərində nəzarəti ələ keçirmək üçün hərbi gücdən istifadə etməyi istisna etmir” – deyə açıqlama verib. Nəticəsindən asılı olmayaraq, artıq ABŞ da işğalçılıq istəyini açıq ortaya qoyur. Əgər, ABŞ Qrelandiyanı işğala başlayarsa, demək NATO tamamilə dağılmasa da, Avropanın təsiri ilə onun forma və mahiyyətini dəyişəcək, Almaniya isə Avropanın təhlükəsizliyini təmin etmək üçün məsuliyyəti boynuna götürəcək. Tramp administrasiyası Kanada da daxil olmaqla başqa ölkələrə qarşı da işğalçılıq niyyətini gizlətmir”, – politoloq deyib.

Şərhçi qeyd edib ki, İsrailin nəinki Fələstini, qonşu ölkələri, o cümlədən Suriyanı işğal etmək istəyi açıq ortadadır.
“İsrailə mane olan isə Türkiyədir. Baş nazir Netanyahunun Bakı səfərindən əsas imtina səbəblərindən biri də, məhz İsrailn Türkiyə ilə Suriya məsələsində toqquşmasıdır.
Çinin Tayvana, Hindistanın Kəşmirə işğal hücumu mümkün görünür. Polşanın və Rumıniyanın da həm Ukrayna və həm də Moldova ilə bağlı planları var, ancaq hələ Rusiya faktoru buna çəkindirici təsir göstərir.
Rusiyanın sözün əsl mənasında işğalçılıq, imperialist mahiyyəti dünya nizamını pozdu. Və Rusiyaya qarşı birliyin nümayişi əvəzinə, idealogi və hərbi parçalanma dünyada sülhə böyük və real təhlükəyə çevrildi. Əslində, belə bir vəziyyətdə Azərbaycan və Türkiyə tandemi Çinlə, Pakistanla, Böyük Britaniya ilə birlikdə strateji hədəflərini reallaşdırmaq üçün ciddi imkanlar əldə edir. Hərçənd, Hindistan və Pakistan da real müharibə vəziyyətinə gəlib”, – siyasi ekspert bildirib.