“Rusiya Ermənistana hərbi müdaxilə edə bilər – ŞƏRH

“Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca Rusiya Gümrüdəki 102-ci hərbi bazasında aktivliyi artırır. Bu hərbi hissə faktiki olaraq erməni müxalifətinin gizli ‘Seçki Qərargahı’ funksiyasını yerinə yetirir. Kremlin məqsədi silahlı insidentlər fonunda Paşinyanı devirməkdir”.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. Ekspertin sözlərinə görə, Rusiya Ermənistandakı prosesləri öz geosiyasi maraqlarına birbaşa təhdid kimi qiymətləndirir.
Gümrü bazası: Təlim, yoxsa silahlı müdaxilə hazırlığı?
Politoloq qeyd edib ki, seçkilər ərəfəsində Gümrüdəki bazanın “təlim” adı ilə sahəyə çıxması ciddi təhlükə siqnalıdır:
“Nikol Paşinyanın ən çox çəkindiyi məqam Rusiyanın 102-ci bazasının birbaşa silahlı təxribatlara qatılmasıdır. Ssenariyə görə, seçki günü müxtəlif silahlı insidentlər törədilə bilər. Bundan dərhal sonra hərbi baza ‘Rusiya vətəndaşlarını qorumaq’ bəhanəsi ilə İrəvana doğru hərəkətə keçə bilər. Bu, Ermənistanın suverenliyinə açıq hərbi müdaxilə deməkdir.”

Paşinyan devrilir, Karapetyan hakimiyyətə gətirilir?
Ekspert Rusiyanın əsas hədəfində dayanan şəxsi və yeni hakimiyyət modelini də açıqlayıb:
“Rusiyanın planı Paşinyanı hakimiyyətdən kənarlaşdırıb, milyarder Samvel Karapetyanın partiyasını iqtidara gətirməkdir. Ermənistan müxalifəti hazırda Rusiyanın tam dəstəyi ilə silahlı qarşıdurmalara və təxribatlara hazırlaşır. Rusiya bu yolla Ermənistandakı nəzarətini tam bərpa etmək və Qərbin bölgədəki təsirlərini sıfırlamaq niyyətindədir.”