Xəbərlər

Rusiya Avropaya qarşı nüvə silahını işə sala bilər… – Ekspert

Rusiyanın Qərb ölkələrinə qarşı sərt hədə-qorxuları və aqressiv xəbərdarlıqları Avropa ilə birbaşa hərbi toqquşma, nüvə fəlakəti və qlobal miqyaslı dağıdıcı risklər yaradır.

Mövzu ilə bağlı Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Tural İrfan Sosdem.az-a açıqlama verib:

“Rusiya Məğlubiyyəti İntihar Kimi Qəbul Edir”

Ekspert bildirib ki, tərəflər arasında müstəqil hədəf seçimi və müharibə riski xəbərdarlıqları birbaşa toqquşma ehtimalını kritik həddə çatdırır:

“Rusiyadan Qərbin hərəkətlərinə cavab olaraq hədəflərin müstəqil şəkildə seçilməsi və müharibə riski xəbərdarlıqları tərəflər arasında birbaşa hərbi qarşıdurma ehtimalını gücləndirir. Rusiya bu müharibədə məğlubiyyəti özü üçün intihar kimi qəbul edir və məhz bu səbəbdən də son vasitələrdən istifadə etməkdən çəkinməyə bilər.”

“Eskalasiya İdarəolunmaz Nüvə Müharibəsinə Çevrilə Bilər”

Şərhçi Moskva ilə NATO ölkələri arasındakı gərginliyin fəlakətli nəticələrə gətirib çıxara biləcəyini vurğulayıb:

“Moskva ilə NATO ölkələri arasındakı eskalasiya dərinləşərsə, vəziyyət idarəolunmaz həddə çata və nüvə silahının istifadə olunduğu dağıdıcı müharibəyə çevrilə bilər. Təhdidlər Avropa ölkələrinin müdafiə xərclərini artırmasına, sərhədlərdə hərbi hazırlıqların miqyasının böyüməsinə və Alyansın daha da sıx birləşməsinə yol aça bilər. Rusiyaya qarşı yeni və daha sərt maliyyə, ticarət və logistika məhdudiyyətlərinin tətbiqi qaçılmaz olacaq.”

“Qərb Rusiyanı Daxildən Sarsıtmağa Çalışır”

MCP rəsmisi təhdidlərin kökündə Rusiyanın səbrsizlənməsi və mövcud strategiyanı dərk etməsi amilinin dayandığını bildirib:

“Rusiya üçün son anda vəziyyət gərginləşərsə, Avropa ölkələrinə qarşı nüvə silahı işə salına bilər. Odur ki, bu riskləri ABŞ və Avropa da nəzərə alır və Rusiyanı əsasən yorucu, üzücü və tədrici müharibə ilə daxildən sarsıtmağa çalışır. Bu mərhələnin də Rusiya üçün faciəvi sonluq olduğunu Moskva dərk edir və səbrsizləşir. Nəticədə də bu cür təhdidlər ortaya çıxır.”

Bir cavab yazın

Back to top button