Regionda sülh mühiti artıq formalaşır… – ŞƏRH

Azərbaycanla Ermənistan arasında hələ de-yure təsdiqlənməsə də, 8 avqust 2025-ci il tarixində sülh sazişinin paraflanması münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir…
Sosdem.az xəbər verir ki, Nikol Paşinyanın Seçki Proqramını şərh edən Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a bildirib ki, Ermənistanın son dövrlərdə sülh gündəliyini ön plana çıxarması regionda formalaşan yeni reallıqlarla birbaşa bağlıdır:
Politoloq qeyd edib ki, uzun müddətdir atəşkəs rejiminə riayət olunması, sərhəddə sabitliyin qorunması və silahlı insidentlərin qeydə alınmaması tərəflər arasında etimad mühitinin formalaşdığını deməyə əsas verir:
“Bu proses fonunda iqtisadi əlaqələrin də tədricən bərpası diqqət çəkir. Belə ki, artıq bəzi enerji və kənd təsərrüfatı məhsulları üzrə əməkdaşlıq istiqamətində addımlar atılır və yaxın perspektivdə bu sahədə daha geniş razılaşmaların əldə olunacağı gözlənilir”.

MCP rəsmisinin sözlərinə görə, mövcud dinamika göstərir ki, faktiki olaraq regionda sülh mühiti formalaşıb və bu, Ermənistan cəmiyyətində də Paşinyanın siyasətinə dəstəyin artmasına səbəb olur:
“Hakim “Vətəndaş Müqaviləsi” Partiyası üzərinə götürdüyü əsas missiyanı regionda sülhün təmin olunmasını böyük ölçüdə həyata keçirib. Azərbaycanın ərazi bütövlüyünün tanınması və Qarabağ məsələsinin bağlanması bu prosesin əsas nəticələrindəndir. Nikol Paşinyan seçkilərdə qalib gələcəyi təqdirdə, Ermənistan Konstitusiyasındakı Müstəqillik Bəyannaməsi ilə bağlı dəyişikliklər üçün referendum keçirəcəyi də şübhə doğurmur. Paşinyan özü də bu bəyannaməni Ermənistanın bədbəxtçiliyi, qonşulara qarşı işğal sənədi kimi qəbul edir”.