Xəbərlər

Razi Nurullayevin adına hazırlanan saxta vizuallar hüquqi məsuliyyət yaradır… – MCP rəsmisi

“Sosial şəbəkələrdə deputat Razi Nurullayevin adına saxta sitat yerləşdirilmiş görüntülərin yayılması tamamilə yalandır və cəmiyyəti manipulyasiya etmək məqsədi daşıyan bu addım qanunvericiliklə birbaşa hüquqi məsuliyyət yaradır”.

Sosdem.az xəbər verir ki, bunu deputatın adından yayılan dezinformasiyalara və ictimai rəyi çaşdırmaq cəhdlərinə rəsmi reaksiya verərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev deyib.

MCP rəsmisi qeyd edib ki, yayılan məzmun tamamilə uydurmadır və millət vəkilinin bu mövzuda heç bir müsahibəsi və ya rəsmi açıqlaması mövcud deyil. O, şəxsin demədiyi sözlərin onun adına çıxarılmasını etik normalara zidd addım kimi qiymətləndirib:

“Sosial şəbəkələrdə deputat Razi Nurullayevə aid edildiyi iddia olunan və üzərində sitat yerləşdirilmiş görüntü yayılır. Bildiririk ki, bu məzmun həqiqəti əks etdirmir və qeyd olunan fikirlərlə bağlı nə belə bir müsahibə, nə də hər hansı rəsmi açıqlama mövcuddur. Şəxsin demədiyi sözləri onun adına yazmaq, saxta vizuallar hazırlamaq və ictimai rəyə yanlış məlumat ötürmək etik normalara zidd olmaqla yanaşı, qanunvericiliklə də hüquqi məsuliyyət yaradır”.

Deputat köməkçisi təəssüflə qeyd edib ki, müəyyən dairələr cəmiyyətin həssas mövzularından istifadə edərək insanların fikrini yanlış istiqamətə yönəltməyə çalışırlar. Başqan müavini vətəndaşlara çağırış edərək, ictimai müzakirələrin yalnız faktlar üzərində qurulmalı olduğunu vurğulayıb:

“Təəssüf ki, bəzi dairələr cəmiyyətin həssas mövzularından istifadə edərək manipulyasiya yaratmağa və insanların fikrini yanlış istiqamətə yönəltməyə çalışırlar. Vətəndaşları yalnız rəsmi mənbələrə istinad etməyə, paylaşdıqları məlumatların doğruluğunu yoxlamağa və dezinformasiyanın yayılmasına vasitəçi olmamağa çağırırıq. İctimai müzakirələr yalan və saxtakarlıq üzərində deyil, faktlar və həqiqətlər əsasında aparılmalıdır”.

Bir cavab yazın

Back to top button