Razi Nurullayevə qarşı koordinasiyalı qarayaxma kampaniyası aparılır… – MCP rəsmisi

“Son günlər Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev haqqında məqsədli və koordinasiyalı şəkildə növbəti saxta qarayaxma kampaniyasına başladılıb; yalan məlumatları araşdırmadan dərc edən informasiya resursları və bu prosesdə iştirak edən hər bir şəxs barəsində qanun çərçivəsində hüquqi mübarizə aparılacaq”.
Sosdem.az xəbər verir ki, bu barədə deputatın nüfuzuna yönəlmiş şər-böhtan kampaniyasına və sosial şəbəkələrdə tirajlanan manipulyativ məzmunlara rəsmi reaksiya verərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini Vüqar Dadaşov deyib.
Partiya rəsmisi qeyd edib ki, bəzi xəbər portalları və informasiya resursları məlumatları dəqiqləşdirmədən, qarşı tərəfin mövqeyini öyrənmədən yalan məlumatları həvəslə dərc edir. Onun sözlərinə görə, eyni məzmun və tezislərin müxtəlif platformalarda paylaşılması bu fəaliyyətin təsadüfi olmadığını sübut edir:
“Nəticədə partiya sədrinin əslində demədiyi, heç bir halda işlətmədiyi ifadələr başlıq formasında təqdim edilir, daha sonra isə həmin saxta məzmun sosial şəbəkələrdə geniş şəkildə tirajlanır. Fikir və söz azadlığı heç kəsə yalan məlumat yaymaq, şər və böhtan xarakterli informasiyalar tirajlamaq, şəxsin şərəf və ləyaqətinə, habelə siyasi partiyanın və ya digər qurumun nüfuzuna qəsdən zərər vurmaq hüququ vermir”.

Başqan müavini xüsusilə vurğulayıb ki, müasir dövrdə süni intellekt və digər rəqəmsal texnologiyaların imkanlarından istifadə edilməklə saxta məlumatların hazırlanması təkcə etikaya zidd deyil, həm də cinayət məsuliyyəti yaradır. Vüqar Dadaşov qeyd edib ki, yalanı yayan hər bir şəxsə qarşı hüquqi addımlar atılacaq:
“Şəxsin demədiyi fikirlərin ona aid edilməsi, manipulyativ başlıqlardan istifadə olunması və ictimai rəyin qəsdən yanlış istiqamətə yönləndirilməsi nə jurnalistika prinsiplərinə, nə peşə, nə də hüququn fundamental normalarına uyğun gəlir. Bu kampaniyada məqsədli şəkildə iştirak edən, yalan və saxta məlumatların hazırlanmasında, yayılmasında və tirajlanmasında rol alan hər bir şəxsə münasibətdə qanunun verdiyi imkanlar çərçivəsində hüquqi mübarizə aparılacaq. Çünki hüquqi dövlətdə siyasi fəaliyyətin, ictimai müzakirələrin və media fəaliyyətinin sərhədi tənqid deyil, qəsdən yayılan yalan məlumatlar, böhtan və nüfuza zərər vurmağa yönəlmiş hərəkətlərlə müəyyən olunur”.