Xəbərlər

Rayonlarda yas mərasimlərinin sadələşdirilməsi… – İlahiyyatçı

Tural İrfan: “Mən bu cür xurafatçı, israfçı təmtəraqlı yas məclislərinin yüngülləşdirilməsini alqışlayıram”

Azərbaycanda yas mərasimlərinin təmtəraqlı keçirilməsi, israfçılığa yol verilməsi ənənəsinin formalaşdığı məlumdur. Amma uzun müddətdir ki, həm ziyalılar, həm din xadimləri, həm də ictimaiyyət bu israfçılığın qarşısının alınması istiqamətində təbliğat aparır. 

Məsələylə bağlı “Bakı-Xəbər”ə danışan Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı Tural İrfan bildirib ki, bir çox yerlərdə başladılmış bu ənənə bütün ölkə üzrə baş verməlidir:

“Yas məclislərindəki israfçılıq və bəzi yanlışlıqlara qarşı mütəmadi olaraq təbliğat aparmışıq. Şübhəsiz, bu israfçılıq yanlış bir ənənədir və dinimizə də uyğun deyil. Sanki bəzi yerlərdə toyla yası qarışdırmışdılar. Süfrədə bircə içki əskik olurdu. Axı yas məclisi ziyafət deyil, qarın doyurmaq üçün deyil… Adi bir xəstə adamın yanında iştahla yemək yeməyə adam utanır. O ki, qala əzizini itirmiş gözü yaşlı yas sahibinin evində gedib gətir-götür edəsən”

T.İrfanın sözlərinə görə, islam dininə görə, yas evində əsla yemək bişməməlidir:

“Qohumlar, simsarlar, gələnlər yas sahibinə həm maddi, həm də mənəvi dəstək verməlidirlər. Onlar yemək bişirib gətirməli, yaxud lazımi ərzaqlarla təmin etməlidirlər, əgər ehtiyac varsa. Bu da təmtəraqlı məclis təşkil etmək üçün deyil, uzaqdan gələn, yaşlı, xəstə, dərman içən insanlar üçündür. Xurma, limonlu çay kimi yüngül süfrə açmaq olar. Lakin ət yeməkləri, halva, aş kimi ağır yeməklər, artıq xərc olmaz. Bəzən dağlıq və ya ucqar kəndlərdə qışda vəfat edən adam üçün yas sahibi camaatın dilinə-dişinə düşməmək üçün gedib borc axtarır, dana – inək alır, ya da nisyə ərzaq götürür çovğunda çadır qurub qazan asırlar. Adamlar da gəlib çadırın altında buğlana – buğlana yeyib üstündən də bir siqaret yandırıb başlayırlar yasa və ölüyə aidiyyəti olmayan söhbətlər etməyə. Bu həm dinimizə, həm də milli adətlərimizə uyğun deyil. Təmtəraqlı yas məclisləri əsasən kasıb təbəqə üçün ağır yükdür. Hələ bundan sonra bahalı qəbir daşlarını da ləğv etmək lazımdır. Bahalı, təmtəraqlı yas məclisləri qurmaq heç cür əndazəyə sığmır”.

Dini ekspert qeyd edib ki, xarici ölkələrdə, heç bir müsəlman ölkəsində bizdəki kimi israfçı yas məclisi yox:

“Quranda bir neçə yerdə israf etmək, insanın özünü bacarmadığı ağır yükün altına salması qadağan edilir. Bu da israfdır. Günahdır. Nə yas sahibinin, nə də gələnlərin ölünün xatirəsini anmağa, yad etməyə, dua oxumağa zamanı, fürsəti qalır. Yas sahibi bir də gözünü açır ki, cənazəni qaldırıb aparırlar. Çünki başı ölüsünə yox, qarnını bərkitməyə gələn camaata qarışır. Halbuki, camaat yeməyə deyil, ölü sahibinə dəstək verməyə gəlməlidir. Sanki kafedə yemək yeyirmiş kimi gəlib yeyib sonra da hesabı verib gedirlər. Bunun harası ehsan oldu? Ehsan təmənnasız olur. Ondansa nə yemək ver, nə də pul yığ. Kimin nəyə gücü çatırsa təmənnasız, dəftərsiz-kitabsız dəstək verməlidir. Mən bu cür xurafatçı, israfçı təmtəraqlı yas məclislərinin yüngülləşdirilməsini alqışlayıram. Arzu edirəm ki, bir çox yerlərdə başladılmış bu ənənə bütün ölkə üzrə baş versin”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu