Ramazanı “qazanc sezonu”na çevirənlər… – Dinşünasdan etiraz

Mübarək Ramazan ayı yaxınlaşdıqca İslam dünyasında yardımlaşma və sosial həmrəylik meyilləri artsa da, ölkəmizdəki bəzi neqativ hallar, düşündürücü məqamlar ortaya çıxarır.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, dinşünas Tural İrfan deyib.
İlahiyyatçı Ramazan ayında qiymətlərin süni şəkildə artırılmasını və mənəvi dəyərlərin qazanc obyektinə çevrilməsini sərt tənqid edib.
“Bir çox ölkələrdə bu ayda ticarət güzəştləri edildiyi halda, Azərbaycanda əks proses baş verir. Təəssüf ki, ölkəmizdə qiymətlərin daha da bahalaşdığını, heç bir güzəştin edilmədiyini görürük. Yalnız maddiyyat və qazanc düşünən şəxslər bu müqəddəs ayın mənəvi ab-havasına zəhər qatırlar. Qəndə kirəc, düyüyə kauçuk, çörəyə sidr-kafur qatanlar Ramazanı qazanc mövsümü hesab edirlər. Savab deyil, yalnız pul qazanmağı üstün tutanlar, demək ki, Allahın ruzi verəcəyinə və ilahi dərgaha inanmırlar. Heç olmasa insanları aldatmayın, qiymətləri süni şəkildə qaldırmayın.”
Başqan müavini xüsusilə “iftar menyusu” adı altında təqdim edilən kommersiya fəaliyyətlərini “dini ticarət” adlandıraraq pisləyib:
“İftar süfrələrinin və qurban ətlərinin pulla satıldığı ikinci bir müsəlman ölkəsi varmı? İnanmıram olsun. Dini alverə, mənfəətə və ticarətə çevirənlər ən xəbis adamlardır. Din peşə deyil, mənəvi dəyərdir. Bu dəyəri maddi mənfəət obyektinə çevirmək isə dələduzluqdur. İmanınız yoxdursa, heç olmasa vicdanınızı itirməyin.”
Dinşünas müasir imkanlı şəxslərin və xüsusilə “Hacı” titulu daşıyanların xeyriyyəçilikdən uzaq düşməsini tarixi nümunələrlə müqayisə edib:
“14 dəfə Həccə gedib 8 min manatlıq saat taxan, bahalı maşın sürən adamlar Ramazanda 1 manatlıq endirim etməyə can çəkirlər. Qurban ətini və iftar süfrəsini pula satanlar əslində əvvəlcə imanlarını satıblar. Sanki milyonlarını millətə sərf edən Hacı Zeynalabdin Tağıyev bu xalqın övladı olmayıb. İndikilərin pulu ondan çox olsa da; imanı, cəsarəti və səxavəti yoxdur. ‘Hacı’ olan çoxdur, amma bircəciyi belə Zeynalabdin ola bilmədi.”

MCP rəsmisi sonda qeyd edib ki, Ramazan ayı təkcə fiziki aclıq dövrü deyil, mənəvi saflaşma mərhələsidir:
“İbadətləri yalnız qarına bağlamaq yanlışdır. Dinin əsas tələbi mənəviyyatı kamilləşdirməkdir. Oruc insanı kamilləşdirmirsə, ona qalan yalnız tibbi faydadır. Namaz qılan şəxs sosial şəbəkələrdə söyüşü tərgitmirsə, ona qalan fiziki hərəkətdir. Həccə gedib beş ailəyə yardım etməyə cəsarəti çatmayanın etdiyi isə sadəcə səyahətdir.”