Xəbərlər

“Quru sərhədlərin açılması…” – Deputat

“Quru sərhədlər açılması təkcə gediş-gəliş məsələsi deyil. Bu, ticarət, iş yerləri, qiymətlərin ucuzlaşması, bazarda rəqabətin artması deməkdir. Bir sözlə, bu addım həm vətəndaşın gündəlik dolanışığına, həm də ölkə iqtisadiyyatına müsbət təsir göstərə bilər”.

Sosdem.az xəbər verir ki, bunu TodayPress TV-yə açıqlamasında Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.

Millət vəkili qeyd edib ki, quru sərhədlərin uzun müddətdir bağlı qalması cəmiyyətimizdə haqlı narahatlıq yaradıb.

“Xüsusilə də bölgələrdə yaşayan vətəndaşlar, kiçik sahibkarlar, yükdaşıma ilə məşğul olanlar, eləcə də ailə əlaqələri olan insanlar bu məhdudiyyətin təsirini hər gün hiss edirlər. Hamı yaxşı başa düşür ki, normal həyat və iqtisadi canlanma üçün sərhədlərin açılması vacibdir. Amma reallıq da var. İranda hazırda baş verən hadisələr və oradakı qeyri-sabit vəziyyət, o cümlədən Rusiya-Ukrayna müharibəsi fonunda təhlükəsizlik məsələləri ön plana çıxır. Məhz bu səbəblərdən mənə belə gəlir ki, quru sərhədlərin bağlı qalma müddəti uzadılır”, – MCP başqanı deyib.

Deputat əlavə edib ki, əgər İranda vəziyyət bu cür gərgin şəkildə davam edərsə, sərhədlərin açılması ilə bağlı əvvəldən müzakirə olunan planlar da böyük ehtimalla təxirə düşəcək.

“Bu isə o deməkdir ki, cəmiyyətin gözlədiyi açılış bir qədər də yubana bilər. Ümid edirik ki, regionda tezliklə sabitlik yaranacaq və təhlükəsizlik riskləri aradan qalxacaq. Çünki həm dövlət, həm də xalq üçün ən arzuolunan variant quru sərhədlərin təhlükəsiz şəkildə açılması, insanların rahat hərəkət edə bilməsi və iqtisadi həyatın yenidən canlanmasıdır”, – Razi Nurullayev bildirib.

Bir cavab yazın

Back to top button