Xəbərlər

Qurban payı kimlərə verilməlidir? – Dünşünas

Qurbanlığın sosial mahiyyəti kasıblara yardım etməkdir...

Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı Tural İrfan deyib.

Dinşünas qeyd edib ki, bəndə bununla Rəbbinə yaxınlaşmağı qəsd edir.

“Şübhəsiz ki, maddi imkanı normal olan şəxslər qurban kəsməlidir və maddi, sosial durumu ağır olan təbəqəyə yardım etməlidir. Lakin varlı adamların qurban kəsib yalnız özləri kimi imkanlılara dağıtması Qurban bayramının hədəflərinə uyğun deyil”.

MCP rəsmisi bildirib ki, qurban əti əsasən üç hissəyə bölünür:

“İlk hissəsi özü və ailəsi üçün, ikinci hissəsi qonşu və qohumlar, üçüncü əsas hissəsi ilə kasıblar, sosial durumu ağır olan təbəqə üçündür. Lakin öz ehtiyacı olmayanlar yaxşı olar ki, çox hissəsini ehtiyaclı insanlara paylasınlar. Özü kəsib özü yemək, yaxud ancaq imkanlılara qurban payı vermək yanlışdır”.

Dinşünas əlavə edib ki, maddi gücü yetən, imkanları geniş olan şəxslər daha yaxşı olar ki, çoxsaylı heyvanlar kəsib daha çox ailələrə paylasınlar:

“Bu, demək olar ki, bütün müsəlman aləmində belədir. Qəbul edən Allahdır. Bəndə təqdim edir, əgər müvafiq olsa Yaradan qəbul edir, olmasa etmir. Ona görə də bu barədə konkret rəy vermək yanlış olardı. Ancaq dinin, İslam hüququnun tələbləri var ki, gərək ona riayət olunsun. Əgər riayət olunmursa, adını qurban qoysalar da o, sadəcə heyvan kəsimi mahiyyəti daşıyır. Ona görə də əsasən imkanlı adamlar kəsdiyi qurbanları qocalar, uşaqlar evlərinə, kasıb və çarəsiz, ildə bir dəfə ət yeməyən ailələrə verməlidir. Əks halda bu ibadətin sosial mahiyyəti pozulmuş olar”.

Bir cavab yazın

Back to top button