Xəbərlər

Qurban kəsimi üçün xüsusi yerlər olmalıdır! – Dinşünas

Harada gəldi, yol kənarında, həyətində və ya ictimai yerlərdə heyvan kəsməsi düzgün hesab olunmur.

Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqan müavini, dinşünas Tural İrfan deyib.

İlahiyyatçı qeyd edib ki, Qurban kəsimi üçün bir çox müsəlman ölkələrində xüsusi kəsim yerləri mövcuddur:

“Bu ənənə qədim dövrlərdən formalaşıb. Hər yeri sallaqxanaya çevirmək dinə də uyğun deyil. Din təmizlik və ədəbə xüsusi önəm verir. Çox vaxt insanlar heyvanı kəsdikdən sonra dərisini və içalatını yol kənarına və ya zibil qutularına atırlar. Bu isə arzuolunan hal deyil. Belə qalıqlar küçə heyvanları tərəfindən dağıdılır və nəticədə antisanitariya yaranır. İslamda isə təmizlik imanın yarısı kimi qiymətləndirilir”.

MCP rəsmisi deyib ki, qurban kəsib savab qazanmaq əvəzinə ətraf mühiti çirkləndirib başqalarına narahatlıq yaratmaq doğru deyil:

“Tullantıların atılması üçün xüsusi yerlər yoxdursa, onların torbalara yığılaraq müvafiq tullantı məntəqələrinə təhvil verilməsi daha məqsədəuyğundur. Bu problemlərin qarşısını almaq üçün hər qəsəbə və şəhərdə qurban kəsimi üçün xüsusi məkanların yaradılması vacibdir. Hazırda bir çox qəssabın da kütləvi kəsim üçün lazımi şəraiti yoxdur və buna görə insanlar məcburən evlərində və ya açıq məkanlarda kəsim həyata keçirirlər”.

Dinşünas vurğulayıb ki, qurbanlıq heyvanlar əsasən inək, camış, dəvə, keçi və qoyundur:

“Böyük buynuzlu heyvanlar isə bir neçə nəfərin birləşərək alıb kəsməsi və bölməsi ilə də qurban edilə bilər. Bunun üçün isə uyğun məkan və təşkilati şəraitin olması əsas şərtdir”.

Bir cavab yazın

Back to top button