Xəbərlər

Quran hansı ölkələrin yoluna işıq salıb? – Tural İrfan yazır

Əhalinin əksəriyyətinin ateist olduğu Yaponiyada insani dəyərlər, halallıq-düzlük, qanun-qaydaya riayət gündə 5 dəfə namaz qılınan bütün müsəlman ölkələrindən yüksəkdir. Elmi nailiyyətlərdə, müasirlikdə də müsəlmanlardan qat-qat irəlidədirlər. Orta əsrlərdə isə müsəlmanlar irəlidə idi. Çünki Əl Kindi, Fərabi, İbn Sina, İbn Rüşd, İbn Xəldun kimi folosoflar, elm və tibb adamları vardı.

İslamın belini Əhməd bin Hənbəl, İbn Teymiyyə kimi mühafizəkarlar qırdı. Mötəzilə cərəyanı elmə üstünlük verirdi, hind, yunan fəlsəfəsi, elmi kitablar tərcümə olunur, elm inkişaf edirdi. Amma mühafizəkar zahirçilər elmi, hikməti, fəlsəfəni kənara atıb rəvayət, nağıl, xurafatı əsas götürdülər. Nəticədə həmin təməl üzərində Abdulvəhhablar yetişdi ki, riyaziyyat, fizika, astronomiya, biologiya, anatomiya kimi elmlərdə irəliləmək əvəzinə dəstəmaz alanda coraba məsh çəkmək, saqqalı neçə qarış uzatmaq, şalvarın ayaqlarını neçə sm qısaltmaq kimi xırda, cəfəng işlərlə müsəlmanların başını qatdılar və bu günki müsəlmanları yaponun, almanın, ingilisin texnologiyalarına möhtac qoydular.

Əlinizdəki telefonların hamısı bir düyməni basmaqla bombaya çevrilə bilirsə, adi bir telefon da icad edə bilmiriksə müsəlmanları canlı ölülər hesab etmək olar.

Müsəlmanları bu hala fars Qəzzalilər, Əhməd bin Hənbəllər, İbn Teymiyyələr, İbn Qeyyimlər, Abdulvəhhablar, İbn Bazlar saldı.

Yəni, müsəlmanları qeyri – müsəlmanlardan asılı duruma gətirib geridə qalmış zəlil duruma saldılar. Leninin müsəlmanlara faydası dəyib nəinki Əbdulvəhhabın. Stalinin xeyri dəyib, nəinki Əhməd bin Hənbəlin. Hitlerin faydası dəyib, nəinki Qəzzalinin. Bu adamlar əksər dünyəvi elmlərə haram deyərək müsəlmanları cəhalətə, rəvayətə sürüdülər və bu günki vəhhabizmin, İŞİDin, Əl Qaidənin, Talibanın ideoloji bazasını yaratdılar.

Ancaq “kafir” Yaponiya, Çin kimi ölkələr isə mədəniyyət, elm, tərəqqi sahəsində irəlilədi. Müsəlmanlar da onlara möhtac oldu.

Bu günə də İslamın elmi yönlərini önə sürən Əbuhüzeyl Əllafın, Cahizin, Nəzzamın, İbn Xəldunun, İbn Rüşdün yox, İbn Sinaya kafir deyən fars Qəzzalinin, uydurma hədislərdən savayı yol bilməyən Əhməd bin Hənbəlin, dünyəvi elmi yox etmək üçün ömrünü zindanlarda çürüdən İbn Teymiyyənin, Ərəbistandan şirk adı ilə bütün İslamın mədəni abidələrini silən Əbdulvəhhabın, lazım gələrsə arvadını öldürüb ətini yeməyi caiz bilən İbn Bazın yolu davam etdi. Xurafat, cəhalət, radikalizm Abbasilər dövrünün orta çağında qalib gəldi. Camaatın əksəriyyəti də oxuyub yazmaqdan, elmdən uzaq olduğu üçün alimləri, filosofları yox, cahilləri, İslamı zəlalətə aparanları dəstəklədilər.

Harun Rəşidin Fransa kralına göndərdiyi zəngli saatı “içində şeytan oturmuş kafir qurğusu” hesab edən Qərb indi müsəlmanları özünə möhtac edib.

Quranın bütün elmi dəyərlərini Yaponiya, Çin, Avropa ölkələri mənimsəyib. Demirəm Qurandan götürüblər, sadəcə Quranın dediyi ilə müvafiq hərəkət edirlər. Müsəlmanlar isə orta əsrlərin cəhalətinə qayıdırlar. Təkəsaqqal şeyxlər, mövhumatçı müctəhidlər, nağılbaz əllamələr təqlid noxtasına salaraq ayaqları çidarlanmış vəziyyətdə müsəlmanları otarırlar. Kim də bu ənənədən kənara çıxıb elmə, fəlsəfəyə yönəlirsə təkfir edib baykot edirlər.

Tural irfan

Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu