Qonşuda sabitlik Azərbaycanın maraqlarına uyğundur – Başqan müavini

“İranda baş verən etirazlar təkcə daxili narazılıqlar kontekstində deyil, eyni zamanda regional sabitlik baxımından da son dərəcə həssas və diqqətlə izlənilməli bir məsələdir”.
Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqan müavini, deputat Razi Nurullayevin Ehtiram Mehdiyev deyib.
MCP rəsmisinin sözlərinə görə, tarix göstərir ki, bu kimi proseslərə kənar müdaxilələr, xüsusilə də geosiyasi maraqlar fonunda aparılan təsir cəhdləri dövlət institutlarının zəifləməsinə, idarəetmədə boşluqların yaranmasına və nəticə etibarilə uzunmüddətli siyasi və iqtisadi böhranlara yol aça bilər.
“İran Azərbaycanın qonşu dövlətidir və bu ölkədə baş verən hər bir qeyri-sabitlik birbaşa regiona təsir göstərir. Regionda sabitliyin pozulması təhlükəsizlik, iqtisadi əlaqələr və ümumi geosiyasi balans baxımından ciddi risklər yarada bilər. Qonşu dövlətlərin suveren, müstəqil və sabit olması Azərbaycanın milli maraqlarına tam uyğundur”, – başqan müavini deyib.
Deputat köməkçisi vurğulayıb ki, İranda yaşayan milyonlarla azərbaycanlının bu proseslərdə hansısa qüvvələrin alətinə çevrilməsi arzuolunan deyil və bu cür yanaşmalar gələcək üçün təhlükəli presedent yarada bilər.
“Mövcud vəziyyətə emosional çağırışlar və populist yanaşmalar fonunda deyil, məsuliyyətli, soyuqqanlı və siyasi reallıqlar prizmasından baxmaq daha doğru mövqedir. Hadisələrə qiymət verərkən həm regional sabitlik, həm də xalqların taleyi nəzərə alınmalıdır”, – Mehtiyev qeyd edib.
