Xəbərlər

Qlobal qərarların yekun nəticəsi Pekində verilir… – Ekspert

“Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampdan həmən sonra Pekinə səfəri Çinin artan strateji mövqeyindən irəli gəlir. Yeni dünya siyasi nizamının formalaşması və strateji qərarların qəbulu artıq böyük ölçüdə Pekinin mövqeyindən asılıdır”.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə qlobal güclərin Pekin siyasətini şərh edərkən vurğulayıb.

Vaşinqton və Moskva arasında Çin davası

MCP rəsmisinin təhlilinə görə, qlobal qərarların taleyi artıq tək tərəfli müəyyən olunmur:

“Hazırkı mərhələdə həm ABŞ, həm də Rusiya Çinin dəstəyinə ciddi ehtiyac duyur və Pekini öz geosiyasi tərəfdaşı kimi qazanmağa çalışır. Lakin Çin strateji təmkinini qoruyaraq daha çox öz mövqelərinin gücləndirilməsinə yönəlmiş soyuqqanlı siyasət həyata keçirir. Artıq qlobal qərarların yekun nəticəsi təkcə Vaşinqton və ya Moskvada deyil, müəyyən mənada məhz Pekində formalaşır”.

Tayvan planı, Rusiya və İrana gizli dəstək

Politoloq qeyd edib ki, Çinin artan bu strateji üstünlüyü regional və qlobal böhranlara birbaşa təsir edəcək:

“Pekinin yüksəlişi növbəti mərhələdə Tayvan üzərində nəzarəti genişləndirmək cəhdlərini sürətləndirə bilər. Çin Rusiyaya hərbi və logistik dəstəyi artırmaqla Qərbin üstünlüyünün qarşısını almağa, eyni zamanda İrana dəstək verməklə Vaşinqtonu fərqli geosiyasi böhranlarla məşğul etməyə çalışır. Beynəlxalq təhlükəsizlik risklərinin artdığı bir dövrdə ‘Şərq Əjdahası’nın bu addımları ABŞ üçün ciddi strateji çağırışlar formalaşdırır”.

Bir cavab yazın

Back to top button