Xəbərlər

Qlobal oyun sərtləşir: Türkiyə niyə hədəfə alındı?

Türkiyə gəmilərinin və təyyarələrinin vurulması, qəzalara uğraması, Gürcüstanda, Qara dənizdə və Ankarada baş verən təxribatlar təsadüfi deyil; bunlar Türkiyəyə qarşı sistemli və koordinasiyalı təzyiqin ayrı-ayrı elementləridir. Hədəflər isə açıq-aydındır.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, analitik Vüqar Dadaşov deyib.

Politoloq qeyd edib ki, yeni dünya düzənində Türkiyənin hədəfə alınmasının əsas səbəblərindən biri onun Rusiya və Çinlə yaxınlaşmasıdır:

“Bu, ABŞ-ni ciddi narahat edir. Rusiya-Ukrayna müharibəsi Çini gücləndirir və ABŞ üçün Çinin iqtisadi və logistik imkanlarının genişlənməsi qəbuledilməzdir. Çin Asiya və Hind okeanı hövzəsində iqtisadi asılılıq yaradıb, Avropa və Afrikaya çıxış üçün isə Türkiyə-Rusiya-Çin oxunun funksional hala gəlməsini hədəfləyir.

ABŞ Çinə və tərəfdaşlarına qarşı siyasi-diplomatik və iqtisadi təzyiqlər göstərir, regionda hərbi gərginlik yaradır. Çin-Tayvan, Çin-Yaponiya, Çin-Hindistan xətti və Venesuelaya qarşı hərbi təhdidlərin əsas məqsədi Çini cilovlamaqdır.

Türkiyəyə qarşı təzyiqlər isə əsasən onun “Mavi Vətən” konsepsiyası ilə bağlıdır. Yəni Ankara Qara dəniz, Egey dənizi və Aralıq dənizində cəmi 462 min kvadratkilometrlik bir sahədə (iqtisadi zona və kontinental şelf) suverenlik haqqının olduğunu müdafiə edir. Bu da Türkiyəni həm regional, həm də qlobal güclərin hədəfinə çevirib”.

Şərhçinin sözlərinə görə, 12 dekabrda Aşqabadda Putinlə Ərdoğan arasında baş tutan görüşdən bir gün sonra Qara dənizdə Türkiyəyə məxsus gəminin, ardınca isə Rusiyanın sualtı qayığının vurulması təsadüfi deyil:

“Türkiyə XİN rəhbəri Hakan Fidanın Aşqabadda Putinlə birbaşa danışıqları da diqqətdən kənarda qalmamalıdır. 11 noyabrda Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən paraddan qayıdan Türkiyəyə məxsus hərbi təyyarənin Gürcüstan ərazisində qəzaya uğraması, eləcə də 24 dekabrda Ankaradan Tripoliyə uçan, Liviyanın Baş Qərargah rəisi Məhəmməd Əli və digər yüksək rütbəli zabitlərin olduğu təyyarənin Ankara səmasında qəzaya uğraması bir-biri ilə əlaqəli təzyiq elementləridir. Elə həmin gün Ankarada Türkiyə xarici işlər naziri Hakan Fidan HAMAS nümayəndələrini qəbul etmişdi”.

MCP rəsmisinin fikrincə, Türkiyə-Liviya hərbi və iqtisadi razılaşmaları, eləcə də Suriyadakı mövqeyi Ankaranın Aralıq dənizində imkanlarını genişləndirib:

“Sirr deyil ki, Türkiyə Suriyada Əsəd rejimi devrildikdən sonra ölkənin daxili və xarici siyasətinə ciddi təsir göstərir. Suriyanın müdafiə sisteminin Azərbaycan modelinə uyğun qurulması və Türkiyənin Suriyada güclənməsinin qarşısını almağa yönəlmiş cəhdlər açıq şəkildə görünür. Liviya hərbçilərinin olduğu təyyarənin Ankarada qəzaya uğradığı gün İsrail, Yunanıstan və Cənubi Kipr liderləri Qüdsdə üçtərəfli zirvə keçirərək Türkiyəyə qarşı ittifaq yaratdıqlarını bəyan etdilər. Ankaranın Dəməşq və Tripoli ilə razılaşmaları Türkiyənin Aralıq dənizində təkcə iqtisadi deyil, həm də hərbi gücünü artırır. Yunanıstan, Kipr və İsrailin Türkiyə əleyhinə yaxınlaşması ABŞ-ın birbaşa koordinasiyası ilə həyata keçirilən strateji gedişdir. İsrail Vaşinqtonun razılığı olmadan belə bir ittifaqa gedə bilməz. Proseslər Türkiyəyə qarşı təxribatların davam edəcəyini göstərir. Hücumların əsas hədəfi Türkiyənin Yaxın Şərqdə güclənməsinin, “Mavi Vətən” konsepsiyasının reallaşmasının, həmçinin Rusiya-Türkiyə-Çin iqtisadi oxunun formalaşmasının qarşısını almaqdır”.

Türkiyəyə qarşı region dövlətlərinin hərbi müdaxilə imkanlarına gəldikdə isə, politoloq vurğulayıb ki, bu, yalnız ABŞ-nin birbaşa iştirakı ilə mümkündür:

“Türkiyə-İsrail gərginliyi Azərbaycanın mövqeyi ilə bağlı suallar doğursa da, Bakı və Ankara arasındakı müttəfiqlik real funksionallığa malikdir. Bu səbəbdən Azərbaycanın iki ölkə arasında münasibətlərin normallaşmasında vasitəçi olacağı şübhəsizdir.

Rusiya-Türkiyə-Çin oxu Bakı-Vaşinqton münasibətlərində müəyyən narahatlıq yaratsa da, Azərbaycan Zəngəzur dəhlizi (TRIPP) vasitəsilə bu gərginliyi balanslaşdırır. Azərbaycan rəsmi şəkildə bəyan edib ki, Zəngəzur dəhlizi müxtəlif layihələri özündə birləşdirən tranzit xətti kimi fəaliyyət göstərə bilər. Bu isə Azərbaycanın regional liderlik və strateji balanslaşdırıcı rolunu nümayiş etdirir”.

Bir cavab yazın

Back to top button