Evin önündən qaz borusu keçir, uşaq soyuqda qalır… – Deputat

“Hazırda ölkənin bir çox kənd və qəsəbələrində insanlar evlərinə sənəd ala bilmədikləri üçün qaz və işıq çəkdirə bilmirlər. Söhbət qeyri-qanuni tikililərdən getmir. Söhbət illərdir yaşayış olan, ailələrin məskunlaşdığı evlərdən gedir. Ən acınacaqlısı isə odur ki, çox vaxt qaz borusu həmin evlərin düz önündən keçir.
Texniki imkan var, qaz var, amma vətəndaşa deyilir ki, “kupça”, evin qeydiyyat sənədini gətir. Kənd yerində yaşayan, aşağı gəlirli ailə üçün “kupça” almaq həm baha, həm də olduqca mürəkkəb prosesdir. Aylarla davam edən sənədləşmə, idarələr arasında süründürməçilik insanları bezdirir. Nəticədə vətəndaşlar bu prosesdən imtina edir və deyir ki, evimdə donaram, amma bu sənədləşmə əzabını bir daha yaşamayacağam”.
Sosdem.az xəbər verir ki, bunu parlamentin iclasında Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev deyib.
Millət vəkili qeyd edib ki, bu, artıq təkcə sosial məsələ deyil:
“Bu, insan ləyaqətinə toxunan bir problemdir. Kənd yerlərində yaşayan, illərdir evində məskunlaşan, lakin bu imtiyazlı kateqoriyalara daxil olmayan minlərlə aşağı gəlirli ailə var ki, mövcud mexanizmlərdən kənarda qalır. Bu insanlar nə sənədləşməni tamamlaya bilir, nə də kommunal xidmətlərə çıxış əldə edirlər. Mən hesab edirəm ki, məhz bu nöqtədə qanunvericilik yanaşması tamamlanmalıdır”, – MCP başqanı deyib.

Deputat bildirib ki, əgər dövlət müəyyən ailələr üçün sənədləşmə prosesində sosial ədaləti əsas götürürsə, eyni prinsip yaşayış faktı olan, lakin sənədsiz qalan evlərə minimum kommunal təminat məsələsində də tətbiq edilməlidir.
“Təklif edirəm ki, yaşayış faktı yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən təsdiqlənən fərdi yaşayış evlərinə, mülkiyyət sənədi olmadan da, minimum kommunal xidmətlər, xüsusən qaz və elektrik, müvəqqəti əsasla təmin edilsin və paralel olaraq bu ailələr üçün sadələşdirilmiş və əlçatan sənədləşmə mexanizmi tətbiq olunsun.
Qaz lüks deyil. İstilik imtiyaz deyil. Bu, insanın yaşamaq üçün ən elementar ehtiyacıdır. Əgər boru evin önündən keçirsə, amma uşaq soyuqda qalırsa, burada problem vətəndaşda yox, sistemdədir. Biz qanunları insanlar üçün qəbul edirik və bu məsələ də məhz bu yanaşma ilə həll olunmalıdır”, – Razi Nurullayev əlavə edib.