Qarabağdan köçən ermənilər geri qaytarılacaqmı? – Vüqar Dadaşov
Ermənistanla sülh müqaviləsinin hansı şərtlə imzalana bilər, yaxud bu müqavilə Azərbaycana lazımdırmı?
Azərbaycan öz suverenliyini tam bərpa etdikdən sonra məhz Ermənistan Azərbaycanla sülh müqaviləsini bağlamaqda daha çox maraqlıdır. Əlbəttə ki, Azərbaycanla Ermənistanın sülh müqaviləsinin əsas şərti onun konkret 29.8 min kv. km ərazisinin Azərbaycan tərəfindən tanınması və bu bəndin sülh müqaviləsinin tərkibinə daxil edilməsidir. 1920-ci ildə Ermənistan SSRİ tərkibinə 9 min kv. km sahə ilə daxil olduğu halda, Azərbaycan torpaqları hesabına 29.8 min kv. km əraziyə qədər artırmış olduğu ərazi ilə 1991-ci ildə SSRİ tərkibindən çıxaraq, müstəqillik əldə edib. Azərbaycan isə əksinə, SSRİ tərkibinə 114 min kv. km ərazi ilə daxil olduğu halda, SSRİ tərkibindən 86.6 min kv. km ərazi ilə müstəqillik qazanıb. Xüsusilə qeyd etmək lazımdır ki, 1919-cu ildə Paris Sülh Konfransı Ermənistanı 9min kv.km, Azərbaycanı isə 114 min kv. km ərazi ilə müstəqilliyini tanıyıb və sərhədləri müəyyən edib. Əlbəttə ki, Azərbaycan isə Ermənistanla sülh müqaviləsinə konkret ərazilərin göstərilməməsi ilə sərhədlərin delimitasiyası məsələsinin ayrı predmet şəklində müzakirəsinin tərəfdarıdır. Azərbaycan SSRİ dövründə onun iradəsinə zidd olaraq Ermənistana verilmiş ərazilərini geri tələb etmək hüququnu özündə saxlayır. Digər tərəfdən də, Azərbaycan Ermənistanın 90-cı illərdə işğal etdiyi torpaqlarını azad etdikdən sonra işğal faktının yaratdığı hüquqi və siyasi əsaslarla reparasiya (maddi-hüquqi məsuliyyət) şəklində SSRİ dövründə Ermənistana verilmiş torpaqlarını geri tələbi aktual olaraq qalır.
Yeri gəlmişkən, Zəngəzur dəhlizi məsələsi dolayısı məhz bu fakta əlaqəli olduğundan Ermənistan “Zəngəzur dəhlizi”ndən imtina edir. Ancaq o da bəllidir ki, iqtisadi inkişaf perspektivinə görə Ermənistan Zəngəzur dəhlizinin açılışına o halda gedəcəki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi müvafiq olaraq dövlətlərin 29.8 min və 86.6 min kv. km əraziləri çərçivəsində imzalansın. Gizli fakt deyil ki, Ermənistan 10 noyabr 2020-ci il üçtərəfli Moskva Bəyannaməsinin qüvvədən düşməsinə maraqlıdır. Faktiki olaraq hüquqi baxımdan sözü gedən Moskva Bəyannaməsi qüvvəsini itirib də, ancaq Paşinyan hakimiyyəti onun Rusiya tərəfindən publik etirafına ehtiyac duyur ki, Zəngəzur dəhlizinin fəaliyyətində Rusiyanı kənarlaşdırsın. Məsələ də ondadır ki, Rusiya indiki geosiyasi vəziyyətdə Zəngəzur dəhlizinə daha çox maraqlı tərəf kimi görünür.
Ermənistan Baş naziri Nikol Paşinyanın Ermənistan daxilində və eləcə də Avropa İttifaqı ərazisi də daxil olmaqla xarici platformalarda Azərbaycanın suverenliyi və ərazi bütövlünün 86.6 min kv. km ərazi daxilində tanıması barədə dəfələrlə imzaladığı bəyanatlarının məqsədi sözsüz ki, Azərbaycandan da Ermənistanın qanunsuz yiyələndiyi 29.8 km sahə daxilində suverenliyi və ərazi bütövlüyünü tanıtmağa nail olmaqdır.
Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin (ASB) Sammiti çərçivəsində Fransa, Almaniya, Avropa İttifaqı Şurası və Ermənistan rəhbərlərinin (Emmanuel Makron, Olaf Şolts, Şarl Mişel və Nikol Paşinyanın) iştirakı ilə, Azərbaycan prezidenti İlham Əliyevin imtina etdiyi həmin görüşdə Bəyanat qəbul edilib. Sənəddə Prezident Mişelin 2023-cü il 14 may və 15 iyul tarixli bəyanatlarında qeyd olunduğu kimi, Ermənistanın (29 min 800 kvadratkilometr) və Azərbaycanın (86 min 600 kvadratkilometr) suverenliyinin, sərhədlərinin toxunulmazlığının və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında” Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönələn səylərin dəstəkləndiyi vurğulanıb. Oktyabrın 7-də isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan prezidenti İlham Əliyev qeyd edib ki, Qranadada Azərbaycanın iştirakı olmadan Azərbaycan adının dördtərəfli bəyanata daxil edilməsi düzgün yanaşma deyil.
Bu günlərdə də, Rusiya prezidenti Vladimir Putinin MDB dövlət başçılarının Bişkekdə keçirilən sammiti zamanı açıqlamaları məhz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin əsas şərtinin sərhəd və ərazi məsələsinin olduğunu göstərir. Vladimir Putin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası zamanı ortaq nöqtənin tapılması çağırışı edib və “Bir istiqamətdə 100 metr, başqa istiqamətdə 1 kilometr irəli, yaxud geri olması o qədər də vacib deyil. Vacib olan budur ki, hər iki tərəfin xoş niyyəti olsun”, – deyə bildirib. Putinin bu açıqlaması Ermənistanda böyük müzakirələrə və narahatçılığa da səbəb olub.
Bir mənalı, Ermənistan Azərbaycan arasında müzakirə olunan sülh müqaviləsinin əsas həll olunmalı mövzusu məhz ərazilərin sahəsi məsələsi ilə bağlıdır. Azərbaycanın Ermənistanla sülh müqaviləsinə konkret sərhədlər və ərazilərin sahəsinin salınmaması ilə imzalamaq istəyi əlbəttə ki, Azərbaycanın milli və dövlət maraqlarına söykənən şərtdir.
O ki, qaldı Qarabağı tərk etmiş etnik ermənilərin geri qaytarılması məsələsinə, indiki siyasi vəziyyətdə ermənilərin Qarabağa kütləvi şəkildə geri dönməsi mümkün görünmür. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Əvvəla bu təkzibedilməz faktdır ki, Qarabağı tərk etmiş ermənilər Ermənistana Qarabağda mövcud olmuş separatçı rejimin təkidi ilə köçürülüb. Rusiya prezidenti Vladimir Putinin Qarabağdakı bir çox separatçı liderləri Ermənistanın qəbul etmədiyi haqqındakı açıqlamaları, Qarabağ ermənilərinin Ermənistana köçməsinin nəzarətli və xüsusi bir plan üzrə həyata keçirildiyini sübut edir. Keçmiş qondarma rejimin liderlərindən olan Samvel Babayan “Qarabağdan köçən ermənilərə xüsusi status, muxtar vilayət statusu verilməsə, onlar geri qayıtmayacaq” kimi açıqlamaları əlbəttə ki, Azərbaycana qarşı əhəmiyyətsiz siyasi-diplomatik təzyiq cəhdlərinin əlamətləri kimi dəyərləndirilə bilər.
Qarabağdan köçən ermənilərdən Ermənistan hakimiyyətinin siyasi-diplomatik vasitə, alət kimi istifadə marağı aydın sezilir. İlk növbədə köçən ermənilərin sayının şişirdilərək 100 minə çatdırılması əsasən beynəlxalq arenada Azərbaycana siyasi və diplomatik təsir imkanları qazanmaq olsa da və həm də maddi xarakterlidir. Ermənistanın sabiq ombudsmanı Arman Tatoyan açıqlamasında Azərbaycanın Qarabağ bölgəsini tərk etmiş ermənilərin öz mülkiyyətlərinə görə kompensasiya almaq hüquqlarının olduğunu iddia edib. Bir məqam da odur ki, Ermənistanda Paşinyan hakimiyyəti keçmiş Qarabağ separatçı rejim liderlərinin qəbul etməkdə maraqlı olmaması, gəlmiş erməniləri öz nəzarətində saxlamaq və onların Paşinyan hakimiyyətinə qarşı vasitəyə çevrilməsinin qarşısını almaqdır. Bu səbəbdən də Qarabağdan köçən ermənilərin İrəvanda yox , regionlarda qarışıq şəkildə məskunlaşması aparılır.
Qarabağdan Ermənistana köçürülən ermənilərlə bağlı Ermənistan dövlətinin manipulyativ planlarının olduğu da bəllidir. Ermənistanın 90-cı illərdə hərbi təcavüzü Azərbaycanın 17 min kv.km ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 150 000 evin, 7000 ictimai binanın, 693 məktəbin, 855 uşaq bağçasının, 695 tibb müəssisələrinin, 927 kitabxananın, 44 məbədin, 9 məscidin, 473 tarixi abidələr, saraylar və muzeylərin, 40 000 muzey eksponatlarının, 6000 sənaye və kənd təsərrüfatı müəssisələrinin, 2670 km avtomobil yollarının, 160 körpünün, 2300 km su kommunikasiyalarının, 2000 km qaz kommunikasiyalarının, 15 000 km elektrik xətlərinin, 280 000 ha meşələrin, 1 000 000 ha kənd təsərrüfatı üçün yararlı torpaqların və 1 200 km irriqasiya sistemlərinin dağıdılmasına səbəb olmuşdur. Ermənistanın Azərbaycan ərazisində dağıdıcılıq, talançılıq, müharibə cinayətlərinə və bir milyondan çox Azərbaycanlı qaçqınların hüquqlarının bərpasına görə hüquqi müstəvidə cavab verəcəyi zaman məsələsidir. Azərbaycanın əsalı tələblərinə qarşı Ermənistan Qarabağdan köçürülən yüz min ermənini əks arqument kimi istifadə cəhdlərinin olacağı şübhəsizdir.
Əsas psixoloji faktorlardan biridə budur ki, Qarabağda yaşamış ermənilərin mütləq əksəriyyəti 90-cı illərdə Azərbaycana qarşı sülh və insanlıq əleyhinə cinayətlərin iştirakçısı olduğundan cinayət məsuliyyətinə cəlb olunacağı ehtimalından ehtiyat edərək Azərbaycana dönməsi mümkün deyil.
Digər tərəfdən, 2020-ci il Vətən müharibəsindən sonra Ermənistandan əhalinin xaricə kütləvi köçü daha da sürətlənib, belə bir prosesdə Ermənistanda ağır demoqrafik vəziyyətə az da olsa müsbət təsir etmək üçün Ermənistan Qarabağdan köçən ermənilərin ölkədə daimi əsasda məskunlaşmasına maraqlıdır. Hərçənd ki, bu günə olan məlumata əsasən, Qarabağdan gələn ermənilərin 5000 yaxın hissəsi Ermənistanı da tərk edib və proses davam edir. Ermənilər artıq Ermənistanın özünün də mövcud olmaq imkanına şübhə ilə yanaşır və bu baxımdan nəinki Qarabağdan olan ermənilər, həm də Ermənistan əhalisi özünə xaricdə yeni vətən axtarışındadır. Zənnimcə qeyd olunanlara əsasən belə bir qənaətə gəlmək olar ki, Qarabağdan köçən ermənilərin kütləvi şəkildə geri Azərbaycana dönməsi mümkün proses deyil.
Vüqar Dadaşov – Milli Cəbhə Partiyasının (MCP) sədr müavini