Xəbərlər

Qafqazda gizli ssenari: Rusiya Ermənistanda nə planlaşdırır?” – Şərh

“7 İyun Ermənistan parlament seçkiləri yaxınlaşdıqca, Rusiya xüsusi xidmət orqanlarının müdaxilə planlarının sızdırılması haker səhlənkarlığı deyil, Baş nazir Nikol Paşinyana qarşı psixoloji təzyiq və panika yaratmaq məqsədi daşıyan məqsədli Kremlyönümlü ssenaridir”.

Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Siyasi şərhçi qeyd edib ki, Macarıstanda Rusiya tərəfindən idarə olunduğu şübhə doğurmayan Peter Madyarın qələbəsi və Serbiyadakı hərəkətlənmələr Rusiyanın alternativ seçki müdaxiləsi praktikasına əyani nümunələrdir:

“Ermənistanda isə ən təhlükəli məqam Rusiyanın ABŞ ilə, xüsusən də Donald Tramp administrasiyası ilə koordinasiyalı fəaliyyət ehtimalıdır. Trampın yanvar ayında Ağ Evdəki brifinqdə Qafqaz regionunu ‘Putinin ərazisi’ adlandırması, Rusiyanın Ermənistandakı maraqlarının nəzərə alınacağını göstərir. Aprelin 12-də Macarıstanda Di Vensin, yaxud indi dövlət katibi Marko Rubionun Paşinyana dəstək üçün İrəvana mümkün səfəri elektoratı parçalamağa və Qərbyönümlü siyasətdə konflikt yaratmağa hesablanmış əks-effektli siyasi texnologiya ola bilər. Paşinyan Ermənistanı KTMT-dən uzaqlaşdırıb, Zəngəzurda Moskvanın tam nəzarət modelini pozsa da, Ermənistanı uduzmaq Kremlin imperiya imicini və ideoloji bazasını tamamilə məhv edə bilər”.

Analitik vurğulayıb ki, Kremldən sızdırılan variantların güc tətbiqi ssenarisi olmaması, həm də gizli hərbi-silahlı müdaxilə variantının masada qaldığına işarədir.

“Lakin bütün təzyiqlərə rəğmən daxili auditoriyanın reallığı fərqlidir. Ermənistan cəmiyyətinin müharibə qorxusu, Azərbaycan və Türkiyə faktoru, nəhayət, ‘real Ermənistan’ yanaşması Paşinyanın növbəti qələbə ehtimalını artırır. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya sızdırılan məlumatlardan kənar, gizli ehtiyat variantlarla sistemli müdaxiləyə hazırlaşır və Paşinyanın siyasi taleyi təkcə Ermənistanda deyil, həm də Moskva-Vaşinqton xəttindəki gizli sövdələşmələrdən keçir”.

Bir cavab yazın

Back to top button