Qadın zorakılığından qorunmaq üçün “kişi sığınacaqlarına” ehtiyac var… – Ekspert

“Azərbaycanda kişilərə qarşı qadın zorakılığı artıq gizlədilə bilməyəcək həddə çatıb. Statistik rəqəmlər və müraciətlərin dinamikası göstərir ki, məişət zorakılığı artıq birtərəfli xarakter daşımır. Əgər 2026-cı ilin ilk rübündə onlarla kişi Dövlət Komitəsinə şikayət edirsə, bu, buz dağının görünən tərəfidir”.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov ailə daxilindəki yeni zorakılıq tendensiyalarını və qanunvericilikdəki problemləri şərh edərkən bildirib.
Mentalitetin kölgəsində qalan zorakılıq və “Kişi sığınacaqları” ehtiyacı
Ekspert vurğulayıb ki, mövcud mental düşüncə kişilərin məruz qaldığı fiziki və psixoloji işgəncələri gizlətməsinə səbəb olur:
“Kişilər döyülmə və təhqir faktlarını cəmiyyətdən gizlədirlər. Lakin sosial şəbəkələr və xəbər portalları qadınlar tərəfindən törədilən cinayətlərin, hətta qətllərin artdığını sübut edir. Artıq Azərbaycanda qadın zorakılığından qorunmaq üçün xüsusi ‘kişi sığınacaqlarına’ olan ehtiyac açıq şəkildə hiss olunur. 2025-ci ildə qadınlar tərəfindən törədilən 1943 cinayət faktı vəziyyətin nə dərəcədə kritik olduğunu göstərir”.
Geosiyasi məcburiyyətdən milli təhdidə: Ailə Məcəlləsinin transformasiyası
Politoloqun fikrincə, bu vəziyyətin yaranmasının əsas səbəbi ailə qanunvericiliyinə süni şəkildə inteqrasiya edilən xarici normalardır:
“Ermənistanın torpaqlarımızı işğal etdiyi dövrlərdə Azərbaycan diplomatik dəstək naminə Avropa İttifaqının bəzi tələblərini, o cümlədən Ailə Məcəlləsinə Avropa standartlarının daxil edilməsini qəbul etməyə məcbur idi. Bu normalar qadınlara ailədə üstün və bəzən sui-istifadəyə açıq imtiyazlar tanıdı. Nəticədə boşanmalar kütləviləşdi, aliment məsələsi bir təzyiq vasitəsinə çevrildi və kişi ailə daxilindəki ənənəvi nüfuzunu itirməyə başladı”.

Milli təfəkkürə qayıdışın vaxtıdır
MCP rəsmisi hesab edir ki, artıq Azərbaycanın öz qanunvericiliyini milli maraqlara uyğunlaşdırmaq üçün kifayət qədər gücü var:
“Bu gün Azərbaycan öz suverenliyini tam bərpa edib və regionun lider dövlətidir. Biz artıq kiminsə tələbi ilə ailə institutumuzu məhv edən normaları saxlamağa məcbur deyilik. Ailə Məcəlləsindəki boşanma və aliment normaları milli təfəkkürümüz və yerli ailə dəyərlərimiz nəzərə alınmaqla əsaslı şəkildə dəyişdirilməlidir. Milli kimliyimizi qorumaq üçün ailə mədəniyyətimizi yad təsirlərdən təmizləməliyik”.