Qadın şikayətlənən kimi kişini dar ağacından asırlar… – Deputat

Qırğızıstanda uşaqlara və qadınlara qarşı törədilən ağır cinayətlərə görə ölüm cəzası bərpa edilir. Bu məsələ cəmiyyətimizdə də fərqli yanaşmalar doğurub.
Sosdem.az xəbər verir ki, Globalinfo.az-a danışan Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib ki, bütün dünyada qadınlara və uşaqlara qarşı müəyyən zorakılıq halları, ayrı-seçkilik müşahidə olunur:
“Azərbaycanda bu problem o qədər də kəskin deyil. Bu səbəbdən də ölüm hökmünün bərpasını məqbul hesab etmirəm. Bu gün bütün instansiyalarda qadınların şikayətlərinə diqqət yetirilir. Əksinə bəzi məsələlərdə kişilərin hüquqları qorunmalıdır. Çünki onlar hara müraciət etsələr də, dedikləri nəzərə alınmır. Amma qadın şikayət edən kimi kişini dar ağacından asırlar. Azərbaycanda qadınlara qarşı zorakılıq halları başqa ölkələrlə müqayisə edilməlidir. Görək, ölkəmizdə qadınlara və uşaqlara qarşı belə vəziyyət çoxdurmu? Fikrimcə, yox. Digər ölkələrdən fərqli olaraq bizdə durum qənaətbəxşdir”.

Deputat qeyd edib ki, bəzən “gender bərabərliyi”, “qadın hüquqları” kimi mövzular süni şəkildə qabardılır:
“Azərbaycanda bu sahədə vəziyyətin pis olduğunu düşünmürəm. Sadəcə qadınlar da siyasi proseslərdə iştirak etməyə daha meyilli olmalıdırlar. Dövlət qadınların siyasi iştirakını təşviq edir və bu məqsədlə müxtəlif imkanlar yaradır. Məsələn, bələdiyyə seçkilərində qadınların iştirakını artırmaq üçün az qala inzibati üsullardan istifadə olunur ki, onlar namizədliklərini irəli sürsünlər. Bu baxımdan dövlət tərəfindən bu sahədə bütün vacib addımlar atılır. Ona görə də qadın və uşaq hüquqları məsələsini bu qədər qabartmağa ehtiyac görmürəm. Həmçinin, bu mövzuya əsaslanaraq ölüm hökmünün bərpasından danışmağı da məqsədəuyğun hesab etmirəm. Biz qadın və uşaq hüquqlarının pis durumda olduğu yerdə yaşamırıq. Bu fikirlər həqiqətən də gülməli görünür”.