Xəbərlər

Qəzetlər bahalaşır: peşəkar jurnalistikaya zərbə… – Ekspert

2026-cı ilin yanvar ayından etibarən Azərbaycanın çap mediasında tətbiq edilən yeni qiymət siyasəti oxucular, xüsusilə də mütaliəyə meyilli gənclər üçün ciddi sınağa çevrilib. Qiymət artımı təkcə rəqəmlərin dəyişməsi deyil, eyni zamanda onsuz da zəifləyən “kağızdan oxuma” mədəniyyətinin daha da geriləməsi deməkdir.

Bu barədə Sosdem.az-a Milli Cəbhə Partiyasının Salyan Təşkilatının sədri Ruslan Məmmədov məlumat verib.

Ekspertin sözlərinə görə, aparılan monitorinqlər bəzi nəşrlərdə qiymətlərin 2–3 dəfə artdığını göstərir.

“Belə ki, əvvəllər 20 qəpiyə satılan ‘Bakı Xəbər’ qəzeti hazırda 60 qəpiyə təklif olunur ki, bu da ikiqat artım deməkdir. Ən çox oxunan nəşrlərdən olan ‘Yeni Müsavat’ və ‘525-ci qəzet’in qiyməti isə 60 qəpikdən 1 manata qaldırılaraq 66 faiz bahalaşıb. Ən kəskin artım ‘Səs’ qəzetində müşahidə olunur – 40 qəpikdən 1 manata yüksələn qiymət 1,5 dəfə fərq yaradıb. Hətta rəsmi dövlət qəzetləri olan ‘Azərbaycan’ və ‘Xalq’ da 40 qəpikdən 60 qəpiyə yüksələrək 50 faiz bahalaşıb”, – MCP rəsmisi qeyd edib.

Şöbə sədrinin fikrincə, bu bahalaşma onsuz da internet və sosial şəbəkələrin təsiri ilə kitab və qəzet oxumaqdan uzaqlaşan gənc nəsil üçün mütaliəni faktiki olaraq “lüks”ə çevirir.

“Ekspertlərin rəyinə görə, gənclərin informasiyanı ‘TikTok’ və ‘Instagram’ kimi platformalardan qısa və çox vaxt səthi formada alması onların analitik təfəkkürünə mənfi təsir göstərir. Qəzetlərin qiymətinin bir neçə dəfə artması isə bu prosesi daha da sürətləndirir. Məhdud büdcəli tələbə və ya gənc üçün gündəlik 1 manatlıq qəzet xərci ayda əlavə 30 manat yük deməkdir. Bu isə onları peşəkar jurnalist araşdırmalarından uzaqlaşdıraraq rəqəmsal dünyanın xaotik informasiya axınına məhkum edir”, – Ruslan Məmmədov deyib.

MCP rəsmisi sonda bildirib ki, mütaliə vərdişi zəif olan gənclik indi həm də iqtisadi baryerlərlə üz-üzə qalıb.

“Bu tendensiya davam edərsə, yaxın gələcəkdə çap mediasının oxucu kütləsi yalnız yaşlı nəsillə məhdudlaşa bilər”, – ekspert əlavə edib.

Bir cavab yazın

Back to top button