Xəbərlər

Qərb müsəlman Şərqini “demokratiya” adı altında istismar edir… – Dinşünas

“Qərbdəki müəyyən siyasi və ideoloji institutlar müsəlman Şərqini istila etmək üçün artıq hərbi deyil, daha təhlükəli olan mənəvi və hüquqi metodlara əl atırlar. ‘Demokratiya’ və ‘insan haqları’ adı altında xalqlara müəllimlik edənlər, əslində dini və milli bağları sarsıtmaqla cəmiyyəti daxildən parçalamağı hədəfləyirlər. Dəyərləri məhv edilmiş bir milləti istismar etmək Qərb üçün daha asandır”.

Bunu Sosdem.az.a Milli Cəbhə Partiyasının başqan müavini, dinşünas Tural İrfan Qərbin müsəlman dünyasına yönəlmiş yeni metodlu istila siyasətini şərh edərkən bildirib.

“Mələk” obrazı və tarixi həqiqətlər

Siyasi şərhçi vurğulayıb ki, Avropanın bəzi dövlətləri bu gün özlərini xilaskar kimi təqdim etsələr də, tarixləri qanlı izlərlə doludur:

“İtaliyanın Liviyada, Fransanın Əlcəzair və Suriyada, İngiltərənin isə dünyanın dörd bir yanındakı müsəlman ölkələrində törətdiyi qırğınlar unudulmayıb. Milyonlarla məsumun qanını axıdanlar indi ‘azadlıq’ gətirmək istədiklərini iddia edirlər. Bu gün Avropa konkret olaraq fahişəlik, homoseksualizm və faizçilik kimi mənfi təzahürləri yaymaqla müsəlman aləminin milli köklərini qurutmağa çalışır. Məqsəd bəllidir: insanları öz dəyərlərindən ayırıb onları iradəsiz bir kütləyə çevirmək”.

Türk dünyasına qarşı manipulyasiya və ikili standartlar

İlahiyyatçının fikrincə, İslamı hədəf alanlar səmimi deyillər və bu, Türk dünyasına münasibətdə də özünü büruzə verir:

“Bu gün türk millətinə ən dəhşətli zülm Çində olunur. Lakin İslamı hədəf alan ‘milli’ maskalı qüvvələr nədənsə Çinin ünvanına bir kəlmə də demirlər. Bu, o deməkdir ki, onların dərdi bir millətin hüququnu qorumaq deyil, dini dəyərləri zədələmək yolu ilə manipulyasiya etməkdir. Rusiya separatçılıqla, Qərb isə dini və etnik damarlardan istifadə etməklə bizi parçalayıb idarə etməyə çalışır”.

Vahid inancın gücü və parçalanma təhlükəsi

MCP rəsmisi qeyd edib ki, İslamın birləşdirici gücü Qərbi narahat edən əsas amildir:

“İslamdan əvvəl türklər pərakəndə inanclara (tanrıçılıq, şamanizm, buddizm və s.) sahib idilər və vahid bir siyasi sistemdə birləşə bilmirdilər. Səlcuqlular və Osmanlılar məhz İslam ideologiyası ilə möhtəşəm imperiyalar qura bildilər. İndi Qərb ideoloqları xalqları pərakəndə, əski inanclara qayıtmağa təşviq etməklə bizi yenidən parçalamaq istəyirlər. Yeni uydurma təriqətlər, radikal qruplar (İŞİD, vəhhabizm) və etnik ayrı-seçkilik salmaqla Qərbin istilaçı məqsədlərinə şərait yaradılır. Xalqların inanc yönündən parçalanması onları nüvə silahı ilə məhv etməkdən daha dəhşətlidir”.

Bir cavab yazın

Back to top button