Xəbərlər

Putin və Trampın Gizli Ssenarisi: Yeni Dünya Bölgüsü – ŞƏRH

ABŞ vitse-prezidenti Di Vensin Cənubi Qafqaz səfəri və region ölkələri ilə imzaladığı yeni sənədlər fonunda Moskvanın reaksiyası dünya mediasında “panika” kimi qiymətləndirilsə də, proseslərin pərdəarxası daha dərin strateji gedişlərdən xəbər verir.

Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov Sosdem.az-a açıqlamasında Moskvanın son ritorikasını və qlobal güclərin yeni “strateji alver” ehtimallarını təhlil edib.

Rus dilindən “siyasi silah” kimi istifadə

Ekspert qeyd edib ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun MDB məkanında rus dilinin təşviqi ilə bağlı bəyanatları ənənəvi təhdid metodudur:

“Rusiya rus dilindən həmişə siyasi alət və işğal bəhanəsi kimi istifadə edib. Moldovada Dnestryanı, Gürcüstanda Abxaziya və Osetiya, Ukraynada isə Krım və hazırkı müharibə məhz ‘rusdilli əhalinin müdafiəsi’ adı altında reallaşdırılıb. Hətta 44 günlük müharibədən sonra Xankəndiyə yerləşən sülhməramlılar dərhal orada rus icması yaratmağa və dili ‘ikinci dövlət dili’ etməyə çalışmışdılar. Lavrovun indiki çıxışı da həmin işğalçı hərbi-siyasi xəttin davamıdır.”

Qrenlandiya və Alyaska ritorikası: Real hədəf, yoxsa razılaşdırılmış oyun?

Politoloqun fikrincə, Moskvanın diqqəti Cənubi Qafqazdan Qrenlandiya və Alyaskaya yönəltməsi ABŞ ilə aparılan gizli danışıqların bir hissəsi ola bilər:

“Ukrayna cəbhəsində ciddi üstünlük qazana bilməyən Rusiyanın birdən-birə ABŞ-a Alyaska və Qrenlandiya üzərindən meydan oxuması inandırıcı deyil. Bu ritorika daha çox Putin və Tramp arasında mümkün razılaşmaya işarə edir. Məqsəd iki nüvə dövləti arasında süni gərginlik görüntüsü yaradaraq, Tramp administrasiyasının ‘müharibə riskini azaltmaq’ bəhanəsi ilə ABŞ-ı Ukraynanın arxasından çəkməsinə zəmin hazırlamaqdır.”

“Böyük Alver” (The Grand Bargain) və Makronun qorxusu

MCP rəsmisi vurğulayıb ki, Fransa Prezidenti Emmanuel Makronun “Tramp Avropanı parçalamaq istəyir” çıxışı və Putinlə görüşmək istəyi Avropanın bu “böyük alver”dən kənarda qalmaq qorxusundan irəli gəlir:

“Məlumatlara görə, Moskva Vaşinqtona Ukrayna dəstəyindən imtina müqabilində milyardlar və təbii ehtiyatlardan birgə istifadə təklif edir. Makronun narahatlığı 1938-ci il Münhen sazişinin təkrarıdır. Yəni böyük güclərin kiçik dövlətlərin taleyini onların iştirakı olmadan həll etməsi. ABŞ-ın Rusiyanı Çindən qoparmaq istəyi bu ssenarini Vaşinqton üçün əlverişli edir.”

Sonda, “Putin və Tramp sövdələşməsinin Ukraynanı təkləmək və Rusiyanın təsir dairələrini yenidən bölüşmək planı üzərində qurula bilər”, deyən şərhçi, “bu prosesdə Cənubi Qafqazdakı hərəkətlilik isə sadəcə qlobal şahmat taxtasındakı gedişlərdən biridir”, deyə əlavə edib.

Bir cavab yazın

Back to top button