Putin Qarabağ kartını yenidən açır… – Politoloq

İyunda Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin Avrointeqrasiya siyasətini davam etdirəcəyi, yoxsa yenidən Rusiyanın təsir dairəsinə qayıdacağı ilə bağlı mühüm mərhələni müəyyən edəcək. Hazırda Ermənistan-Aİ sammitinin keçirilməsi və Fransa ilə hərbi tərəfdaşlıq sazişləri Paşinyan hakimiyyətinə siyasi dəstək kimi görünsə də, regionda yeni qarşıdurma riskləri sürətlə artır…
Bu fikirləri Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov regiondakı son hərbi-siyasi vəziyyəti və Ermənistandakı seçkiönü gərginliyi şərh edərkən bildirib.
Moskvanın “Qarabağ kartı” və revanşist planlar
Analitikin təhlilinə görə, Rusiya Ermənistanda özünə sadiq qüvvələri hakimiyyətə gətirmək üçün köhnə metodlara əl atır:
“Son dövrlərdə Rusiyanın federal kanallarında Qarabağ məsələsini yenidən diriltmək cəhdləri, xəritə oyunları diqqət çəkir. Moskva ‘Qarabağ kartı’ndan istifadə edərək revanşist qüvvələrin hakimiyyətə qayıdışına çalışır. Robert Koçaryan kimi fiqurların Azərbaycanla razılaşmalara yenidən baxılacağı vədi, sülh gündəliyinin bağlanması və yeni müharibə riski deməkdir. Rusiyanın məqsədi yalnız Ermənistanda hakimiyyət dəyişikliyi deyil, regionda uzunmüddətli qeyri-sabitlik ocağı yaratmaqdır”.
Zəngəzur dəhlizi və “Qırmızı xətlər”
Ekspert qeyd edib ki, regional layihələr ətrafında maraqlar toqquşması pik həddədir:
“İran Zəngəzur dəhlizini özünün ‘qırmızı xətti’ hesab edir və SEPAH buna imkan verməyəcəyini bəyan edib. Rusiya üçün isə əsas narahatlıq Zəngəzur dəhlizinin onun iştirakı olmadan fəaliyyət göstərməsidir. Moskva israr edir ki, bu proses 10 noyabr 2020-ci il bəyanatı ilə tənzimlənməlidir. Əgər Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, hətta Trampın TRIPP layihəsinə münasibətinin dəyişəcəyi ehtimalı belə istisna deyil”.

Müdaxilə ssenarisi: “Rusiya vətəndaşlarının qorunması”
MCP rəsmisi Rusiyanın seçki prosesinə daha sərt müdaxilə edə biləcəyini vurğulayıb:
“Vladimir Putinin xarici ölkələrə müdaxiləyə imkan verən yeni qanun imzalaması təsadüfi deyil. Ermənistandakı hərbi bazalarda çalışanların əksəriyyəti erməni əsilli Rusiya vətəndaşlarıdır. Rusiya ‘öz vətəndaşlarını qorumaq’ adı altında Ermənistandakı proseslərə hərbi müdaxilə edə bilər. Reallıq budur ki, bu seçkilər yalnız Ermənistanın daxili işi deyil, bütövlükdə Cənubi Qafqazın gələcək siyasi xəritəsini müəyyən edən geosiyasi prosesdir”.