Prezident müsahibəsində cəmiyyətin real problemlərinə toxundu – Mövqe

Milli Cəbhə Partiyası olaraq Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəni sona qədər diqqətlə izlədik. Dövlət başçısının idarəetmə, kadr siyasəti və məsuliyyət məsələləri ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətin real problemlərinə toxunan, açıq və prinsipial mövqenin ifadəsidir.
Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən yeni idarəetmə yanaşması ilə bağlı Prezidentin vurğuladığı əsas məqam – struktur dəyişikliklərindən daha çox saf, təmiz, vicdanlı kadrların önəminin qeyd olunması – Milli Cəbhə Partiyasının mövqeyi ilə tam üst-üstə düşür. Təcrübə göstərir ki, idarəetmədə əsas məsələ vəzifənin adı yox, o vəzifəni tutan şəxsin məsuliyyəti, insanlara münasibəti və dürüstlüyüdür.
Milli Cəbhə Partiyası olaraq hər zaman vurğulayırıq ki, məmurlar və icra hakimiyyətləri vətəndaşları incitməməli, onları uzun növbələrdə, kabinet qapılarında saxlamamalı, süründürməçilik və laqeyd münasibətlə bezdirməməlidirlər. İnsan dövlət qurumuna çarə axtarmağa gəlir, əlavə problem yaşamağa yox. İcra strukturları daha şəffaf, çevik və vətəndaş yönümlü fəaliyyət göstərməli, insanlara real rahatlıq yaratmalıdır.
Partiyamızın Başqanı, Milli Məclisin deputatı Razi Nurullayev dəfələrlə mediada və parlament kürsüsündə bu problemlərə toxunub, məmur-vətəndaş münasibətlərində ədalət, şəffaflıq və insan amilinin əsas götürülməsinin vacibliyini vurğulayıb.
Bu baxımdan Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi fikirləri Milli Cəbhə Partiyası olaraq dəstəkləyir və bu yanaşmanın ardıcıl şəkildə davam etdirilməsinin cəmiyyətin gözləntilərinə cavab verdiyini hesab edirik.
