Pezeşkianın çağırışı senarini dəyişir? – ŞƏRH

İran Prezidenti Məsud Pezeşkian yanvarın 11-də etirazlarla bağlı xalqa çağırış edib.
“Meydanlara çıxıb qərar verməli və iğtişaşların tələblərinin təhrif edilməsinə mane olmalıyıq. Biz xalqın səsini dinləməyə hazırıq”, – prezident deyib.
Bəs xalq meydanlara çıxdıqdan sonra proses hansı istiqamətdə davam edəcək?
Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə Globalinfo.az-a, İranda baş verən etiraz aksiyalarının əvvəlkilərdən ciddi şəkildə fərqləndiyini deyib
“İran rialının devalvasiyası və yüksək inflyasiya ölkədə xüsusilə orta biznesə ağır zərbə vurub. Nəticədə sahibkarlar da etirazlara qoşulublar. Bu proseslər rejimin uzun illər ərzində yol verdiyi səhv siyasi qərarların, eləcə də struktur və sosial islahatların həyata keçirilməməsinin nəticəsidir və gözlənilən idi. İrana tətbiq olunan iqtisadi sanksiyalar öz təsirini göstərməli idi və ABŞ da məhz bu mərhələni gözləyirdi. Eyni zamanda İranın proksi qüvvələrinin zəiflədilməsi, Yaxın Şərqdə geosiyasi mövqelərinə vurulan zərbələr və ölkənin tədricən daxili problemlərə fokuslanmağa məcbur edilməsi strategiyası həyata keçirildi. Nəticədə Tehran hazırda faktiki olaraq “olum və ölüm” dilemması ilə üz-üzədir”.
Ekspert bildirib ki, etirazçılara qarşı sərt silahlı müdaxilə tətbiq olunur:
“Etirazlar arasında radikal qrupların da olduğu və onların polisə qarşı silahdan istifadə etdiyi bildirilir. Dövlət binalarının, məscidlərin yandırılması isə rejimi təxribata çəkmək, onu əhaliyə qarşı daha sərt addımlar atmağa məcbur etmək, bununla da xarici müdaxiləyə legitim əsas yaratmaq məqsədi daşıyır. Bu planın müəyyən mənada baş tutduğu görünür.
Rejimin daxilində etirazlara yanaşma ilə bağlı parçalanma müşahidə olunsa da, dini hakimiyyət islahatlara getmək niyyətində deyil. Mühafizəkarlar mövqelərini qoruyur. Pezeşkianın etirazçılara meydanlara çıxmaqla bağlı ünvanladığı çağırışlar həlledici təsir göstərməyəcək. Rejimin tərəfdarlarının müəyyən aksiyalar keçirməsi mümkündür, lakin bu, ümumi vəziyyəti dəyişmir. Çünki ABŞ-nin əsas strategiyası İran rejiminin zəiflədilməsi və çökdürülməsidir”.

MCP rəsmisi qeyd edib ki, hazırkı mərhələdə nə iqtisadi, nə də sosial islahatlar üçün real plan və potensial mövcuddur:
“Bu səbəbdən rejimin yeganə çıxış yolu güc tətbiq etmək kimi görünür. Etirazlar müvəqqəti olaraq səngiyə bilər, lakin bu, davamlı sabitlik demək deyil. Pezeşkianın mövqeyi artıq proseslərə əsaslı təsir göstərmir. Çünki həlledici qərarları ali dini rəhbərlik və mühafizəkar qanad verir. Vilayət sisteminin səlahiyyətlərini prezidentə ötürməsi yalnız rejimin ömrünü bir qədər uzada bilər, lakin bu ssenari real görünmür. Çünki Pezeşkian Qərblə dialoqa və islahatlara açıq mövqedədir. ABŞ-nin İrana qarşı məhdud hərbi zərbələr endirməsi də istisna olunmur. Vaşinqtonun regiona böyük hərbi resurslar, o cümlədən aviadaşıyıcılar və hərbi texnika yerləşdirməsi bu ehtimalı gücləndirir. Bu, xüsusilə rejimin və silahlı qüvvələrin strateji obyektlərinin hədəfə alınmasını nəzərdə tutur. Ümumilikdə, İran rejimi artıq əvvəlki gücündə deyil və bundan sonrakı proseslərdə də tədricən zəifləmə mərhələsinə daxil olacaq”.