Xəbərlər

Pezeşkian İranın yeganə çıxış yoludur… – ŞƏRH

“Ali dini lider Əli Xamenei və SEPAH komandirlərinin məhvindən sonra İranda idarəetmə sistemi tamamilə iflic olub. ABŞ prezidenti Donald Trampın Müctəba Xameneinin hakimiyyətə gəlişinə qəti etirazı və İsrailin ‘hər bir dini lideri məhv edəcəyik’ xəbərdarlığı teokratik rejimin sonunu gətirib”.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

İrandakı xaotik vəziyyət, ordudakı kütləvi yayınmalar və mümkün hakimiyyət ssenariləri barədə şok faktlar açıqlayan ekspert qeyd edib ki, İranın hərbi və təhlükəsizlik sistemində ciddi inamsızlıq yaranıb:

“İran parlamentinin üzvü Möhsün Zəngnenin də etiraf etdiyi kimi, Xamenei və Pakpur öldürüldükdən sonra heç kim boş qalan vəzifələri tutmağa cürət etmir. Yüksək rütbəli şəxslərin ABŞ-yə və İsrailə casusluq etməsi barədə şübhələr sistemi daxildən gəmirir. Hətta ‘Əl-Qüds’ komandanı İsmayıl Qaaninin ‘Mossad’a işlədiyi üçün edam edilməsi bu qorxunu pik həddə çatdırıb. Zabitlər zərbələrdən qaçmaq üçün hətta qadın hicabından istifadə edərək ordudan yayınırlar.”

Siyasi şərhçi İranın Naxçıvana və Türkiyəyə hücumlarının əks-effekt verdiyini vurğulayıb:

“İrandan Azərbaycan və Türkiyəyə edilən hücumlar ölkə daxilindəki ictimai fikir ayrılığını pik həddə çatdırdı. Xüsusilə Azərbaycanın qəti mövqeyi İrandakı 40 milyonluq soydaşımız arasında ordudan yayınma hallarını kütləviləşdirib. Artıq teokratik rejimin xalq və ordu üzərindəki ideoloji nəzarəti tamamilə itib.”

MCP rəsmisinin fikrincə, yeganə çıxış yolu rejimin dəyişməsi və liberal idarəçiliyə keçiddir:

“Donald Tramp Rza Pəhləvinin taxta qayıtmasının əleyhinədir. Hazırkı reallıqda ən məqbul variant prezident Məsud Pezeşkianın mütləq hakimiyyətə gətirilməsidir. Bu ssenari həm Qərb, həm də regional güclər (Türkiyə və Azərbaycan) üçün qəbulolunandır. SEPAH-ın bir terror təşkilatı kimi ləğvi isə bu prosesin əsas şərtidir. Trampın bir həftəyə bütün İran səmasını nəzarətə götürəcəyi barədə bəyanatı göstərir ki, teokratiyanın taleyi artıq həll olunub.”

Bir cavab yazın

Back to top button