Pensiya yaşı azaldılacaq? – Deputat təklif etdi
Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev təklif edib ki, qadınların pensiyaya çıxmaq üçün son yaş həddi 60, kişilər üçünsə 62 olsun:
“Deyiləcək ki, dünyada yaş həddi əsasən 65-dir. Axı o ölkələrdə tibbi əlçatanlıq, sosial yaşayış, əmək haqları və rahatlıq bizimlə müqayisədə daha yüksək səviyyədədir. Biz özümüzü onlarla necə müqayisə edə bilərik? Biz deputatlar xalqın içindəyik, onların evlərində oluruq, şikayətlərini dinləyirik və yaşayışlarını da çılpaq gözlə görürük. Kəndlərdə, qəsəbələrdə, rayonlarda, Bakının saysız-hesabsız gecəqondularında milyonlarla əhalimiz çətin vəziyyətdə yaşayır. Onun üçün də pensiya yaşını azaltmaq çox vacibdir.
Ayda onlarla yas məclislərində oluram. Yaşlanıb ölənlərin sayı çox azdır. Bütün xəstəliklər də çox cavanlaşıb. 30 yaşlı cavan ürək tutmasından ölür, 20 yaşlı gəncin qan təzyiqi var, körpə uşaq onkologiya xəstəliyinə tutulur. Baxıram ki, rəhmətə gedənlərin çoxu 57-62 yaş arasıdır. Hətta qəbirastanlıqlarda da bir monitorinq aparmışam və son zaman ölənlərin əksəriyyəti yaşlanmadan dünyasını dəyişənlərdir. Biz gərək bu faktları nəzərə alaq”.