Paşinyan Suriyadan nəticə çıxarmasa… – Politoloq
Ermənistan Baş naziri “Müstəqillik Bəyannaməsini” dəyişməsə, Azərbaycana qarşı ərazi iddiaları qanunvericilik bazasında qalaraq sülh bağlamaqdan yayınarsa, “Zəngəzur” dəhlizini açmayacaqsa, siyasi proseslər əleyhinə işləyəcək.
Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasınpn başqan müavini, politoloq Məmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Ermənistan Baş naziri Azərbaycan və Türkiyə ilə normallaşma prosesinə getməyəcəksə, Suriyadakı vəziyyət gözləyə bilər:
“Paşinyanın Parisdə Makron və Trampla boy verib, şəkil çəkdirib, mesaj verməsi heç də onun arxayın olmasına gətirib çıxarmayacaq. Paşinyanı nə Tramp, nə də Makron xilas etməyəcək. O, İran XİN-nin Əsədə niyə kömək etməmək barədə bəyanatını oxusa ibrət götürər. Əsəd də Putin və Xamenei ilə şəkil çəkdirib, əzələ nümayiş etdirirdi”.
Politoloq vurğulayıb ki, Əsədi nə nə Rusiya, nə də İran xilas etmədi:
“Halbuki, hər iki ölkənin hərbi qüvvələri Suriyada mövcud idi. Fransa da Ermənistanı xilas edə bilməz. Ermənistan Baş naziri geosiyasi reallıqları düzgün qiymətləndirməsə, silahlanmaya davam edəcəksə, bu ölkənin dövlətçiliyi sual altında qalacaq”.
Siyasi şərhçi Rusiyanın artıq regional dövlət statusunu itirdiyini qeyd edib:
“İran zəiflədi. ABŞ-də isı Trampın prezidentliyinə az bir müddət qalıb. Ermənistan regional gücdən beynəlxalq gücə çevrilən Yaxın Şərqin və Cənubi Qafqazın, siyasi nizamı şəkilləndirən Türkiyənin şərtlərini qəbul etməyəcəksə, bataqlıq girdabına girəcək. Növbəti mərhələdə Azərbaycan Zəngəzura girməli olacaq”.