Azərbaycan separatçıları əfv edə bilərmi? – ŞƏRH

Azərbaycanda həbsdə olan Qarabağ separatçılarının azad olunması üçün erməni lobbisi, Ermənistanda Rusiyaya bağlı siyasi müxalifət və ABŞ Erməni Komitəsi fəaliyyətə başlayıb.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.
Politoloq qeyd edib ki, separatçılara azadlıq tələb edənlər Azərbaycanla sülhə qarşıdır və Paşinyan əleyhinə siyasi mövqe ortaya qoyublar:
“Başda Amerika Erməni komitəsi, Erməni Apostol Kilsəsi və erməni müxalifətidir. Bunlara birləşdirən ortaq məxrəc Qarabağ məsələsində Rusiya ilə birgə əməkdaşlıq və Ermənistanda siyasi hakimiyyətə gəlməkdir.
Onlar ABŞ prezidenti Trampdan lobbi vasitəsilə həbsdə olan separatçıların azad olunmasını xahiş ediblər. Amma Azərbaycan tərəfi separatçılarla bağlı tələbin arxasında hansı siyasi planların olduğunu bildirsə, Tramp da onların həbsdə qalmasına istəyəcək”.

Şərhçi qeyd edib ki, Tramp Paşinyanla görüşdə separatçılarla bağlı prezident İlham Əliyevdən xahiş edəcəyini desə də Nikol buna reaksiya verməyib:
“Çünki, Rusiyaya bağlı Amerika Erməni Komitəsi və revanşistlər həbsdə olan Vardanyan başda olmaqla, Qarabağın keçmiş separatçılarını Ermənistanda aktiv siyasətə gətirib Paşinyanı devirməyə çalışacaqlar. Ona görə də Nikol Bakıda həbsdə olan separatçıların azad olunmasında maraqlı deyil”.
Ekspertin sözlərinə görə, separatçı “liderlərdən” əlavə digər həbsdə olan ermenilər əfv oluna bilər:
“Bu da Azərbaycanın Ermənistanla sülh prosesinə töhfəsi olar. Amma, separatçı liderlərin azad olunmasi isə, Ermənistan və Azərbaycan üçün yeni problemlər ortaya çıxarar. Rusiya onlardan maksimum şəkildə istifadə edər.
Ümumiyyətlə, Azərbaycan əleyhinə işğal, terror, soyqırım həyata keçirilənlər Azərbaycan qanunvericiliyinə uyğun olaraq mühakimə ediləcək və layiqli cəzalarını alacaqlar”.