Paşinyan qazanarsa, Rusiya Ermənistanla yenidən işləyəcək… – Politoloq

“Ermənistan Baş naziri Nikol Paşinyanın seçki kampaniyasına görə Avrasiya İqtisadi İttifaqının (Aİİ) Ali Şurasının iclasında iştirak edə bilməməsi fonunda Kreml Paşinyanın yenidən seçilməməsi üçün İrəvana qarşı kənd təsərrüfatı qadağaları və ticarət güzəştlərinin ləğvi kimi ciddi iqtisadi sanksiya mexanizmlərini dövriyyəyə salır”.
Bu barədə Rusiya-Ermənistan münasibətlərindəki son gərginliyi və Aİİ platformasında tətbiq edilən təzyiqləri Sosdem.az-a şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.
Ekspert qeyd edib ki, İrəvanın Moskvanın orbitindən uzaqlaşaraq Avropa İttifaqı ilə yaxınlaşması iki ölkə arasında gərgin siyasi münasibətləri pik həddə çatdırıb. Onun sözlərinə görə, Rusiya hazırda ittifaq daxilindəki güzəştli ticarət şərtlərini tamamilə ləğv etməyə çalışır:
“Ermənistanla Rusiya arasında münasibətlər sistemində ciddi problemlər yaranıb. Kreml Paşinyanın seçilməməsi üçün çalışır, hətta bu ölkəyə iqtisadi sanksiyalar da tətbiq edə bilər. Hazırda Ermənistandan idxal edilən kənd təsərrüfatı mallarına qadağalar tətbiq olunur. Rusiya Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma prosesinə cavab olaraq Aİİ-nin iclasında bu ölkənin iştirakı məsələsini qaldırdı. İttifaq daxilində ticarət güzəştli şərtlərlə həyata keçirilir. Rusiya istəyir ki, bu güzəştlər ləğv edilsin”.

MCP rəsmisi vurğulayıb ki, Aİİ platformasında Ermənistanın baş nazir səviyyəsində təmsil olunmaması Moskvanın təzyiqlərini daha da artıracaq, lakin seçkidən sonra Kremlin geri addım atmaq ehtimalı da mövcuddur:
“Hazırda Rusiya çalışır ki, seçkilərdə xalqın iradəsinə təsir etsin və Paşinyana səs verilməsin. Fikrimcə, Aİİ-də Ermənistanın baş nazir səviyyəsində iştirak etməməsi Moskvanın bu ölkəyə təzyiqini artıracaq. Lakin hesab edirəm ki, Nikol Paşinyan seçkilərdə qələbə qazanarsa, Rusiya reallığı qəbul edib yenidən Ermənistanla işləməyə məcbur olacaq”.