Paşinyan ona problem yaradanları sıradan çıxarır – RƏY

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları Gümrü şəhərinin meri Vardan Qukasyanı və meriyanın daha yeddi əməkdaşını saxlayıblar. Rəsmi məlumata görə, saxlanılan şəxslər korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə istintaqa cəlb olunublar.
Ekspertlər bildirirlər ki, Gümrü kimi strateji və ictimai-siyasi baxımdan həssas şəhərdə merin həbsi baş nazir Nikol Paşinyana qarşı narazılıqları gücləndirə və müxalifətə yeni bəhanə verə bilər.
Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev məsələylə bağlı Sherg.az-a açıqlamasında, Gümrü merinin həbsinin sadəcə lokal tipli etirazları tətikləyə biləcəyini deyib:
“Ermənistanda Gümrü merindən də önəmli siyasətçilər, biznesmenlər həbs edilib, amma erməni cəmiyyətinin onların həbsinə reaksiyası böyük masştabda olmayıb. Hazırda baş verənlər ümumilikdə Ermənistan hökumətinin siyasətinə köklü dərəcədə təsir edəcək hadisələr sayılmır. Gümrü meri öz ritorikası, açıqlamaları, sərbəst hərəkətləri ilə Paşinyana problemlər yaradırdı. Baş nazir ona problem yaradan insanların hamısını bir-bir sıradan çıxarır. Çünki 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. Merin həbsi seçkilərə hesablanmış addımlardan biridir. İstənilən halda Gümrü meri tamamilə günahsız olsaydı, yəni korrupsiyaya, qanunsuz əməllərə bulaşmasaydı, onu həbsə atmaq çətin olardı. Bu cür neqativ əməllər onların sıradan çıxarılmasına şərait yaradır”.

MCP başqanı vurğulayıb ki, Ermənistanda 4-cü respublikanın qurulmasında istənilən halda Azərbaycanın da tələbləri nəzərə alınacaq:
“Təbii ki, Ermənistan hökuməti bunu Bakının tələblərinə görə etdiyini deməyəcək. Paşinyan və komandası iddia edir ki, zəruri dəyişikliklər 4-cü respublikanın öz tələblərindən qaynaqlanır və qonşu ölkələrlə dinc-yanaşı yaşamaq məqsədi güdür. Ancaq bir respublikadan digər respublikaya keçmək nə deməkdir? Tarixdən bilirik ki, bu proses hər zaman qan tökülməsi, inqilablar hesabına müşayiət olunur. Dinc yolla respublikanın formatını dəyişmək mümkünsüzdür. Paşinyanın hədəflərinə çatması elə də asan deyil. Lakin baş nazirin başqa çıxış yolu yoxdur. Həqiqətən, Ermənistanın 3-cü respublikasının bütün siyasəti qonşularla münaqişələr, ərazi iddiaları, işğalçılıq, düşmənçilik üzərində qurulub. İllər boyu “Böyük Ermənistan” xülyası ilə yaşayıblar. Hətta dünyada ilk insanın, ilk peyğəmbərin “erməni” olduğunu iddia ediblər, onun Ermənistanda “ayaq basdığı yeri” turistlərə göstəriblər. Bəşəriyyətin öz yaradılışını ermənidən götürdüyünə inanıblar. Əlbəttə, bu cür xəstə təfəkkürlə inkişafa getmək olmazdı. Ermənilərin heç zaman normal, müstəqil dövlətləri olmayıb”.