Paşınyan komandasını yenidən formalaşdıracaq? – ŞƏRH

“Ermənistanda keçirilən parlament seçkilərində hakim ‘Vətəndaş müqaviləsi’ partiyasının yenidən təkbaşına qələbə qazanması gözlənilən idi; baş nazir Nikol Paşinyan yeni hökumət kabinetində müəyyən yenilənmələr etsə də, onunla birlikdə hakimiyyətə gələn əsas silahdaşları öz postlarını qoruyub saxlayacaqlar”.
Bunu Ermənistanda baş tutan növbəti parlament seçkilərinin nəticələrini və İrəvandakı yeni siyasi konfiqurasiyanı Sosdem.az-a şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.
Paşinyanın Dəyişməz Dördlüyi: Simonyan, Mirzoyan, Papikyan və Qriqoryan
Ekspert hesab edir ki, formalaşacaq yeni hökumət kabinetində bəzi kadr islahatları qaçılmaz olsa da, bu dəyişikliklər Paşinyanın əsas siyasi komandasına şamil olunmayacaq:
“Digər nazirlərin, xüsusilə ədliyyə, iqtisadiyyat və milli təhlükəsizlik sahələrində dəyişdirilməsi mümkündür. Amma ümumilikdə hesab edirəm ki, baş nazirin müavini Mher Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, parlamentin spikeri Alen Simonyan və müdafiə naziri Suren Papikyan Paşinyanın komandasında qalacaqlar. Çünki Nikol Paşinyan hakimiyyətə bu şəxslərlə gəlib. Onlar onun yaxın silahdaşlarıdır və Paşinyan məhz bu komanda ilə siyasi mövqeyini gücləndirib. Bu şəxslərin həm hakimiyyət daxilində, həm də cəmiyyətdə müəyyən mövqeləri var”.

“Yeni kadrların komandaya cəlb ediləcəyi istisna deyil”
MCP rəsmisi qeyd edib ki, hər seçkidən sonra kabinetdə müəyyən yenilənmələrin olması təbii bir idarəçilik prosesidir və Paşinyanın bu istiqamətdə kifayət qədər təcrübəsi var:
“Hər yeni hökumət formalaşanda kabinetdə müəyyən yenilənmələrin olması təbiidir. Parlamentdə də yeni üzvlər seçilir. Bundan əlavə, Nikol Paşinyan 2019-cu ildən etibarən baş nazir kimi hökuməti formalaşdırır və bu istiqamətdə kifayət qədər təcrübə qazanıb. Bu baxımdan, onun yeni kadrları da komandaya cəlb edəcəyi istisna deyil”.

Seçkinin Rəsmi Rəqəmləri
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib.
Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası 49,81% səs (727,160 seçici) toplayaraq parlamentdəki 105 mandatdan 61-ni qazanıb və təkbaşına hökumət qurmaq hüququ əldə edib.
İş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,29%, sabiq prezident Robert Köçəryanın “Ermənistan” bloku 9,94%, Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası isə 4% səs toplayıb.
Qalan partiya və bloklar keçid baryerini aşa bilməyiblər.