Parklar yeyib-içmək yox, istirahət məkanıdır – DEPUTAT

Havaların isinməsi ilə parklara üz tutan vətəndaşların sayı artır. Əksəriyyət asudə zamanını belə yerlərdə keçirməyə üstünlük verir. Lakin son zamanlar parklarda yerləşən ictimai-iaşə obyektləri narazılıq yaradıb. Bildirilir ki, restoranların sayı getdikcə artır, xüsusilə yay aylarında belə məkanlar ərazi zəbt edilməklə genişləndilir və bu da insanlar üçün müəyyən maneələr yaradır.
Parkların içində bu qədər obyektlərin olması düzgündürmü? Bu, insanların istirahət imkanlarını azaldırmı?
Sosdem.az xəbər verir ki, Globalinfo.az-a danışan Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev isə parklarda kafelərin olmasını doğru hesab etmir.
“Beynəlxalq təcrübəyə əsasən, Avropa ölkələrində parklar və meşə sahələrində ticarət obyektlərinin fəaliyyətinə icazə verilmir, yaxud sayla bağlı müəyyən məhdudiyyətlər qoyulur. Azərbaycanda isə parklarda şəxsi ticarət obyektlərinin yaradılması və kafelərin tikilməsi halları müşahidə olunur. Bunun əleyhinə deyiləm, obyektlərin saylarının məhdudlaşdırılması daha məqsədəuyğun olardı”, – MCP başqanı deyib.

Millət vəkili vurğulayıb ki, parklar yeyib-içmək yeri yox, dincəlmək, gəzmək üçün məkan olmalıdır.
“Məsələn, insanların idman edə biləcəyi yerlərdə hər addımdan bir restoran-kafe tikilir. Birində əyləşib çay içəndə, paxlava yeyəndə çəki artımından canını qurtara bilmirsən. Ona görə də bu məsələyə yenidən baxılmalıdır”, – Partiya rəhbəri əlavə edib.