Pakistanı Əfqanıstanla zəiflətmək Çinə zərbədir… – ŞƏRH

“Pakistanın ideoloji yüklü və həlli mümkünsüz bir müharibəyə cəlb olunması, Çin müttəfiqi olan bu ölkəni zəiflətmək və qlobal siyasətdə təsirini azaltmaq məqsədi daşıyır.”
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
Şərhçi bildirib ki, hazırda baş verən gərginliklər sadəcə regional münaqişə deyil, qlobal güclərin böyük şahmat taxtasındakı gedişləridir.
Pakistanın Hindistan üzərindəki qələbəsi əslində Çinin ABŞ-Hindistan tandemi üzərindəki qələbəsi idi, deyən politoloq qeyd edib ki, indi Pakistanın Əfqanıstanla münaqişəyə itələnməsi bu qələbənin revanşıdır:
“2021-ci ildə ABŞ-ın Əfqanıstanda hakimiyyəti Talibana təhvil verməsi müəyyən bir razılaşmanın tərkib hissəsidir. Talibanın Pakistana qarşı təhrikedici toqquşmalara getməsinin ABŞ-la bağlılığı ehtimalı olduqca yüksəkdir. Məqsəd Pakistanı daxildən zəiflətməklə Çinin regional gücünü sarsıtmaqdır.”
Analitik Cənubi Qafqazdakı yeni hərbi konfiqurasiyaya da toxunaraq, vurğulayıb ki, Hindistanın Ermənistanı silahlandırması iqtisadi deyil, tamamilə siyasi şərtlərlə bağlıdır:
“Azərbaycan-Pakistan müttəfiqliyi Hindistanı Ermənistanla hərbi əməkdaşlığa sövq edib. Ermənistanın hücum dronları istehsalında Hindistanın rolu və İsrail texnologiyasının bu prosesə cəlb edilməsi qlobal qütbləşmənin göstəricisidir. Bir tərəfdə ABŞ, İsrail, Hindistan və Ermənistan; digər tərəfdə isə Çin, İran və Pakistan xətti artıq rəsmiləşir.”

MCP rəsmisi ABŞ-nin İranı vurmaq məsələsindəki ehtiyatlı davranışını bir neçə faktorla izah edir:
“ABŞ hərbi cəhətdən üstün olsa da, İranın ideoloji müqavimət gücü və coğrafi miqyası ciddi risk vəd edir. Digər tərəfdən, İranın parçalanması Türk dünyasına qarşı Qərbin strateji çəkindirici rolunu aradan qaldıra bilər ki, bu da Türkiyənin güclənməsi deməkdir. Lakin ABŞ-ın böyük hərbi hazırlığı göstərir ki, İsrailin iştirakı ilə İranın rəhbər heyətini hədəf alan qısa və dağıdıcı zərbələr planı hələ də masadadır. Əks halda, ABŞ Rusiyanın Ukraynada üzləşdiyi ‘sindromla’ qarşılaşa bilər.”