Deputat şəhid atasını ziyarət etdi: “Bölgənin mövcud problemləri…”

Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev şəhid baş leytenant Cavid Dədəkişiyevin atası Gülbaba kişini İmişlinin Qaralar kəndində, onun öz evində ziyarət edib.
Sosdem.az xəbər verir ki, millət vəkili söhbətin kifayət qədər səmimi və açıq keçdiyini, müxtəlif mövzularda geniş fikir mübadiləsi apardıqlarını bildirib.
Şəxsi istək yox, kəndin ümumi problemləri
MCP başqanı vurğulayıb ki, şəhid atasının diqqətə çatdırdığı məqamlar onun fərdi ehtiyacları ilə bağlı deyil:
“Gülbaba kişi ilə görüşümüz zamanı çəkilən videoda da aydın görünür ki, onun səsləndirdiyi məsələlər şəxsi xarakter daşımır. O, bir şəhid atası kimi özü üçün nəsə istəmədi. Əksinə, yaşadığı Qaralar kəndinin ümumi problemlərini, insanların gündəlik çətinliklərini və illərdir həllini gözləyən kənd qayğılarını böyük ürəklə diqqətə çatdırdı”.
Sistemli yanaşma və real həll yolları vacibdir
Deputatın sözlərinə görə, bu cür müraciətlər bölgələrdəki idarəetmə və sosial siyasət üçün bir mesaj olmalıdır:
“Bu görüş bir daha göstərir ki, bölgələrdə mövcud olan sosial məsələlərə, infrastruktur çatışmazlıqlarına yanaşma mütləq dəyişməlidir. İnsanların gündəlik qayğılarına fərdi yox, sistemli yanaşma tətbiq olunmalı və real həll yolları tapılmalıdır. Şəhid ailələrinin və kənd sakinlərinin səsinə daha həssaslıqla yanaşılmalıdır”.
Razi Nurullayev qeyd edib ki, görüşün video-materiallarını tezliklə ictimaiyyətlə paylaşacaq və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımlar atılacaq.
