Orta Asiya-Cənubi Qafqaz-Avropa xətti: Yeni düzən – ŞƏRH

Noyabrın 16-da Daşkənddə Orta Asiya Respublikalarının iştirakı ilə keçirilmiş 7-ci Məşvərət İclasında Azərbaycanın da təmsil olunması və Prezident İlham Əliyevin iştirakının sadəcə protokol məqsədli görüş olmadığı artıq aydın görünür. Bu toplantı, əslində, Orta Asiya və bütövlükdə Asiya regionunun Cənubi Qafqaz üzərindən Avropaya çıxışını təmin edən yeni geosiyasi xəttin formalaşması baxımından mühüm mərhələ hesab edilir.
Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
Politoloq bildirib ki, Məşvərət İclasının gələcəkdə tamhüquqlu bir təşkilata çevrilməsi və Azərbaycanın bu quruma rəsmən daxil edilməsi təkcə iqtisadi maraqlarla məhdudlaşmır, eyni zamanda ciddi siyasi məqsədlər güdür.
“Yeni təşkilatın formalaşması Orta Asiya dövlətlərinin vahid geosiyasi mərkəz kimi çıxış etməsini nəzərdə tutur. Əfqanıstan və Pakistanın da təşkilata üzvlüyü ehtimal olunur. Şübhə yoxdur ki, yaranan blok həm Rusiyanın, həm də Çinin bölgədəki təsir dairəsini məhdudlaşdırmağa yönəlib. Bu blokun ABŞ-Türkiyə-Azərbaycan xətti üzrə təhlükəsizlik garantına çevrilməsi isə artıq açıq şəkildə görünür”, – MCP rəsmisi qeyd edib.
Ekspert vurğulayıb ki, yeni təşkilatın yaradılması həm də Çinin “Bir Kəmər – Bir Yol” layihəsinə alternativ marşrutun qurulmasına xidmət edir. Onun fikrincə, bu kontekstdə Hindistanın təşəbbüsə cəlb olunması perspektivi də real görünür.
“Vaşinqtonun son aylarda Hindistana Rusiyadan enerji asılılığını azaltmaq çağırışlarını intensivləşdirməsi təsadüfi deyil. ABŞ həm Hindistanı Rusiyadan uzaqlaşdırmağa, həm də Çinə paralel alternativ Asiya marşrutu formalaşdırmağa çalışır”, – şərhçi bildirib.
Başqan müavini diqqətə çatdırıb ki, Daşkənd görüşündən cəmi bir neçə gün öncə Orta Asiya liderlərinin ABŞ Prezidenti Donald Trampla Vaşinqtondakı görüşü baş tutub.
“Bu ardıcıllıq onu göstərir ki, formalaşan Orta Asiya bloku ABŞ-ın qlobal strategiyasının tərkib hissəsidir və Vaşinqton bu bölgəni yeni Avrasiya güc mərkəzinə çevirmək niyyətindədir” – Dadaşov vurğulayıb.

Siyasi analitik xatırladıb ki, oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri, Ermənistanla kommunikasiya xətlərinin açılması barədə açıqlama, Qazaxıstan buğdasının Azərbaycan üzərindən Ermənistana ixracı kimi addımlar Cənubi Qafqazı yeni qlobal iqtisadi-geosiyasi arxitekturanın mühüm elementi halına gətirib.
Politoloqun sözlərinə görə, hazırda Ermənistanın da Orta Asiya respublikalarının yaratdığı yeni təşkilata qoşula biləcəyi ilə bağlı informasiyalar dolaşır.
“Paşinyan hakimiyyətinin Ermənistanı Rusiyadan uzaqlaşdırmaq və Qərbə inteqrasiya xətti Orta Asiyada gedən proseslərlə üst-üstə düşür”, – ekspert qeyd edib.
MCP rəsmisi bildirib ki, ABŞ yeni Avrasiya güc mərkəzinin formalaşmasında maraqlıdır və proses Orta Asiya-Cənubi Qafqaz-Türkiyə-Əfqanıstan-Pakistan xətti üzrə vahid təhlükəsizlik və iqtisadi platforma yaradılmasını hədəfləyir.
“Bu mənada Zəngəzur dəhlizinin (TRIP yolu) yalnız regional deyil, qlobal enerji və ticarət marşrutlarının əsas halqası kimi əhəmiyyəti danılmazdır. Azərbaycanın rolu isə Cənubi Qafqazın hərbi-siyasi mərkəzi kimi həlledicidir”, – deyə Dadaşov vurğulayıb.
Dadaşov qeyd edib ki, gedən qlobal proseslər Rusiyanı Cənubi Qafqaz istiqamətində, xüsusilə Ermənistanla bağlı daha sərt addımlar atmağa məcbur edir.
“Gələn il Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyanın növbəti qələbəsinə imkan verilməməsi Rusiya üçün həyati əhəmiyyət daşıyır. Moskva bölgədə mövcudluğunu qorumaq üçün siyasi proseslərə ciddi müdaxilə etməyə çalışacaq. Tesadüfi deyil ki, Rusiya rəsmiləri son günlər Zəngəzur dəhlizinin əleyhinə kəskin açıqlamalar verirlər”, – analitik bildirib.