“On minlərlə şikayət məktubları daxil olur” – Deputat

Fəaliyyətində qüsurlar aşkarlanmış dövlət qurumlarının rəhbərlərinin və məsul şəxslərinin Parlamentə dəvət olunmasınını istəyirəm ki, bizi narahat edən sualları onlardan soruşaq. Çünki, Hesablama Palatası hesabatı təqdim edir və proses bu gündən sonra bağlanır. Bu qədər asan yanaşma?
Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev parlamentdə çıxışı zamanı deyib.
“Maraqlıdır ki, hansı məsuliyyətə cəlb etmə halları, maliyyə sanskiyaları həyata keçirilib? Kimlərsə, vəzifədən alınsın, çıxarılsın, həbsə atılsın demirəm, belə arzum da yoxdur. Amma, istərdim ki, Hesablama Palatasının hesabatı müəyyən təlatümlər yarada bilsin və dövlət orqanlarının məsuliyyətinin artmasında dönüş yaratmağı bacarsın”, – millətt vəkili əlavə edib.

MCP başqanı büdcə vəsaitinin təyinatı üzrə xərclənməməsi, deposit hesablarda saxlanması, süni şəkildə şişirdilməsi və büdcəyə qaytarılmasından naraht olduğunu deyib.
“Bu üç məsələdən birinin üzərində dayanmaq istəyirəm. Müxtəlif sahələr üzrə ciddi maliyyə ehtiyacları yaranır. Vətəndaşlardan müxtəlif problemlərin həllinə kömək ilə bağlı on minlərlə şikayət məktubları daxil olur. Belə olan halda, dövlət orqanının vəsaiti təyinatı üzrə xərcləmədən büdcəyə qaytarması qəbuledilməzdir. Bu ona bənzəyir ki, onlarla insanın kəskin baş ağrıları var, onlarla qutu ağrıkəsici olan Parasetomolu onlara vermədən depoya qaytarırsan. Bu ciddi şəkildə məsuliyyət yaratmalıdır. Həm də çox ciddi”, – deputat qeyd edib.