Xəbərlər

“Növbə İranındır, hədəf Çindir” – ŞƏRH

“Donald Trampın Çinə gözlənilən səfəri iqtisadi deyil, daha çox siyasi-hərbi mahiyyət daşıyır. Lakin ABŞ-nin Çinə təqdim edəcəyi təkliflər cəlbedici olmaya bilər. Hazırda Pekin və London arasında qurulan gizli təmaslar Trampın planlarını alt-üst edə bilər”.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Analitik vurğulayıb ki, ABŞ-ın İrana hərbi müdaxilə təhdidləri əslində Çini enerji asılılığına salmaq məqsədi daşıyır:

“ABŞ-ın planı Çini neft-qazla təmin edən üç əsas ölkəni – Venesuela, İran və Rusiyanı tabe etməkdir. Venesuela artıq nəzarətə götürülüb, indi növbə İrandadır, Rusiya isə üçüncü mərhələdir. Vaşinqton İranın ali rəhbərliyini zərərsizləşdirməklə uzunmüddətli müharibədən qaçmaq və bu ölkənin enerji resurslarını öz nəzarətinə götürərək Çinə alternativ ‘təchizatçı’ kimi diktə etmək istəyir.”

Siyasi şərhçinin fikrincə, Böyük Britaniya Çinə Trampdan daha cəlbedici və strateji təkliflər verə bilər:

“Böyük Britaniya baş naziri Kir Starmerin Çinə səfəri və ardınca baş verən diplomatik hərəkətlilik göstərir ki, London-Pekin sövdələşməsi daha realdır. Bəzi strateji mərkəzlərin (RAND Corporation) ssenarilərinə görə, Rusiyanın gələcəkdə parçalanması ehtimalında Çin öz ‘tarixi torpaqlarını’ və təbii ehtiyatlarını əldə edə bilər. Britaniya Çinə bu perspektivi vəd edə biləcək tərəf kimi çıxış edir. Donald Tramp artıq ABŞ-ın daimi müttəfiqi Britaniyanı özünə rəqibə çevirib.”

Ekspert Ukrayna cəbhəsindəki vəziyyətin Çinlə danışıqlarda mühüm faktor olduğunu qeyd edib:

“Trampın gəlişindən sonra Qərbin Ukraynaya yardımı 40 faiz azalsa da, Avropa maliyyə dəstəyini davam etdirir. Zelenskinin ərazi bütövlüyü məsələsində qətiyyəti və Avropanın Çinlə müstəqil yaxınlaşması ABŞ və Rusiya üçün ciddi risklər yaradır. Trampın Pekin səfəri bu mürəkkəb düyünü açmağa xidmət etsə də, ciddi və uzunmüddətli nəticə verəcəyi inandırıcı deyil.”

Bir cavab yazın

Back to top button