Netanyahunun Bakı səfəri niyə təxirə salındı? – ŞƏRH

İsrailin Baş naziri Benyamin Netanyahu mayın 7-11 tarixlərində planlaşdırılan Azərbaycana səfərinin təxirə salınması, İsrail hökümətinin rəsmi məlumatında göstərdiyi Qəzza zolağında və Suriyada baş verən hadisələr, həmçinin sıx siyasi və təhlükəsizlik gündəliyi ilə əlaqəli deyil. Vəziyyət daha mürəkkəbdir.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqann müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
Politoloq səfərin təxirə salınmasının Rusiya ilə də bağlı ola biləcəyini deyib.
“Əvvəla xatırladım ki, martın 15-də Rusiya prezidenti Vladimir Putinin, Belarusiya prezidenti Lukaşenko, Tacikistan prezidenti İmaməli Rəhmon ilə birlikdə Azərbaycan prezidenti İlham Əliyevə zəng edib, faşizm üzərində qələbənin 80 illik yubileynə həsr olunmuş 9 May paradında iştirak etmək üçün dəvət etmişdi. Ancaq, Netanyahunun həmin tarixdə Azərbaycanda rəsmi səfərdə olması ilə Azərbaycan prezidenti İlham Əliyevin paradda iştirakı arxa plana keçirdi. Hərçənd ki, Azərbaycan prezidenti İlham Əliyevin Moskvadakı paradda iştirak edəcəyi barədə məlumat da yoxdur.
Putin üçün bu yubiley paradında Azərbaycan prezidenti İlham Əliyevin iştirakı siyasi-psixaloji baxımdan olduqca vacibdir. Yeri gəkmişkən, faşizm üzərində qələbə təkcə Rusiyanın deyil, bütün sovet xalqlarının, respublikaların qələbəsidir və Rusiyanın da faşizm üzərində ümumi qələbəmizi mənimsəmək istəyi elə qələbənin ilk saatlarından bəllidir və cəhdlər 80 ildir ki, davam edir”, – ekspert bildirib.

Şərhçi qeyd edib ki, İsrailin bir müddət əvvəl Moskvanın Suriyada hərbi mövcudluğunu davam etdirməsini və Suriyanın Rusiya da daxil üç maraq zonasına bölünməsini təklif etdiyini nəzərə alsaq, mənzərə tam aydın olar.
“Əslində, İsrail Rusiyaya xidmət etmir, ancaq Moskvanın Suriyada mövcudluğunun davamı ilə Rusiya və İsrail maraqları üst-üstə düşür. Əgər, Rusiya Suriyada mövcudluğunu davam etdirə bilərsə, bu fakt müəyyən mənada Türkiyə üçün maneəyə çevrilir həm də, İsrail vahid və güclü Suriya hökümətinin qurulmasına əngəl imkanı qazanır.
Türkiyənin regionda güclənməsi həm İsrail və həm də Rusiyanın maraqlarına ziddir. Bu məsələdə İran da İsrail və Rusiya ilə həmfikirdir. Yaxın Şərqdə və eləcə də Qəzzada, Həmasla bağlı vəziyyət Rusiya İsrail arasında sövdələşməni mümkün edir. Bu halda, Putinin 9 May Qələbə paradı ilə bağlı istəklərini Netanyahu nəzərə ala bilər”, – politoloq qeyd edib.
Siyasi ekspert əlavə edib ki, Netanyahununun Bakı səfərinin təxirə salınmasına səbəblərdən biri də, onun Türkiyə prezidenti Ərdoğan ilə danışıqların nəticəsindən çəkinməsi də ola bilər.
“Son məlumatlara görə, Ankara Netanyahunun təyyarəsinin Türkiyə hava məkanından istifadəsinə icazə də verməyib. İran prezidenti Masud Pezeşkianın Azərbaycana səfərindən ehtimal edilən əldə edilmiş razılaşmalar da Netanyahunun qərarına təsir ehtimalı var. Görünür ki, Netanyahununun Bakı səfərinin təxirə salma səbəblərinə Putin və Ərdoğan amili daha güclü təsir edib.
Ancaq, Türkiyə prezidenti Ərdoğanın Bakı səfəri 9 Mayı əhatə edən tarixlərdə baş tutarsa, demək Azərbaycan və Türkiyə bütün gedişlərlə hazır olduğunu bir daha nümayiş etdirəcək. Əlbəttə ki, Azərbaycanın beynəlxalq nüfuzunun artması, qlobal proseslərdə fəal iştirakı prezident İlham Əliyevin Çinə səfərindən sonra daha qabarıq forma alıb. Bu nəticəni hələ də qəbul etməyən qüvvələr çoxdur”, – şərhçi qeyd edib.