Netanyahu ABŞ-İran razılaşmasına mane olmağa çalışır… – Politoloq

“ABŞ və İran arasında əldə olunmuş nüvə və iqtisadi razılaşma Tehranın daxili siyasi ritorikasının ikiüzlülüyünü bir daha sübut etdi; bu sazişdən ciddi narahat olan İsrail Baş naziri B. Netanyahu isə eskalasiyada maraqlıdır, lakin proseslərə mane olmaq siyasətini davam etdirərsə, Ağ Ev onun siyasi baxımdan sıradan çıxarılmasına nail ola bilər”.
Bu barədə Vaşinqton və Tehran arasında qurulan yeni geosiyasi dialoqun pərdəarxası məqamlarını, regional güclərin reaksiyasını və Yaxın Şərqdə gözlənilən yeni xətti Sosdem.az-a şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.
“Qalibaf İki Gündən Bir ABŞ-ni Hədələyirdi, Amma Gecə Razılaşmaya İmza Atdı”
Şərhçi İran rəsmilərinin ictimaiyyətə qarşı radikal, pərdəarxasında isə tamamilə mülayim xətt yürütdüklərini diqqətə çatdırıb:
“ABŞ və İran arasında razılaşmaya Tehran tərəfindən parlamentin sədri M. Qalibaf imza atıb. O, Qalibafdır ki, iki gündən bir ABŞ-yə qarşı sərt və kəskin mesajlar yazırdı. ABŞ-ni təhdid edərək, heç bir razılaşmaya getməyəcəyini bəyan edirdi. Amma, D. Trampın dediyi öz təsdiqini tapdı. D. Tramp deyirdi ki, İran rəsmiləri bizimlə söhbət edəndə çox mülayim və güzəştə hazır olduğunu qeyd edirlər, amma çıxıb tam əksini deyirlər. Məhəmməd Qalibaf bir tərəfdən ABŞ-ı təhdid edən mesajlar verir, axşam isə onlarla danışıqlar aparıb razılaşmalara imza atırdı. Xüsusilə, D. Trampın ad günündə İran bir növ onu təbrik etmiş oldu”.
“İsrail Eskalasiyada Maraqlıdır, B. Netanyahu Seçkilərdə Məğlub Ola Bilər”
Sazişin regional təsirlərindən və İsrail tərəfinin bu prosesi pozmaq cəhdlərindən danışan MCP rəsmisi, Tel-Əvivin hərbi-siyasi kabinetinin çıxılmaz vəziyyətdə qaldığını vurğulayıb:
“ABŞ və İran arasında razılaşmadan İsrail tərəfi narazıdır. İsrail də İranın nüvənin zənginləşdirməsindən imtina edilməsini tələb edirdi və rəsmi Tehran bu təkliflə razılaşıb. Göründüyü kimi, İsrailin hərbi-siyasi kabineti eskalasiyada maraqlıdır və razılaşmanın pozulmasına çalışır. İsrailin Baş naziri Netanyahu razılaşmalara qarşı siyasətini davam etdirəcəksə, onun seçkilərdə məğlub olması və istintaqa çıxarılması mümkün görünür. ABŞ prezidenti bir növ B. Netanyahudan qurtulmaq istəyəcək”.

“Bu, Tehranın Qalibiyyəti Deyil, ABŞ İranın Neft-Qaz Sənayesinə İnvestisiya Yatıracaq”
Siyasi ekspert əldə olunan razılaşmanın iqtisadi və strateji tərəflərini analiz edərək bildirib ki, proses heç də İran rejiminin zəfəri kimi qiymətləndirilə bilməz:
“ABŞ və İran arasında razılaşma Tehranın qalibiyyəti deyil. Ümumiyyətlə, İrana ciddi zərbə vurulub. İran rejiminin ‘qalibiyyəti’ sadəcə hakimiyyətdə qalması deməkdir. Digər tərəfdən, iqtisadi müstəvidə yeni mərhələ başlayır. Belə ki, ABŞ İranın neft-qaz sənayesinə investisiya yatıracaq. Hazırda iki ölkə arasında iqtisadi əməkdaşlığı əhatə edən yeni müqavilələr hazırlanır”.